Xarkovda yaşayış binası raketlə vuruldu: Ölənlər və uşaq daxil olmaqla çoxsaylı yaralılar var

Səhər saatlarında Rusiyanın Xarkov şəhərinə endirdiyi raket zərbəsi nəticəsində çoxmərtəbəli yaşayış binasının bir neçə mərtəbəsi tamamilə dağılıb.

ELAZ.İNFO xəbər verir ki, hədəf alınan raket Xarkovun Saltovka rayonunda yerləşən hündürmərtəbəli binanın 7-ci və 10-cu mərtəbələri arasındakı mənzilləri yerlə-yeksan edib.

ELAZ.İNFO-nun məlumatına görə, hücum zamanı 50 və 66 yaşlarında iki kişi həyatını itirib. Aralarında 5 yaşlı oğlan uşağının da olduğu 21 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə cəlb olunan xilasedicilər binanın yuxarı mərtəbələrindən 7 sakini təxliyə ediblər. Yaralananların bir qisminin partlayış qəlpələrindən, digərlərinin isə dəm qazından zəhərlənmədən xəsarət aldığı bildirilir.

Düşmən qısa müddət ərzində yaxınlıqdakı başqa bir hündürmərtəbəli binaya və ətrafdakı park ərazisinə də zərbələr endirib. Qəza-xilasetmə briqadaları dağıntılar altında qalanların olması ehtimalına qarşı təmizləmə işlərini günün sonunadək davam etdiriblər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın