Sultan Özcan

Türkiyədə “Qırmızı Qadın” kimi tanınan Sultan Özcan vəfat edib

Türkiyədə “Qırmızı Qadın” ləqəbi ilə tanınan Sultan Özcan 74 yaşında dünyasını dəyişib.

ELAZ.İNFO  xəbər verir ki, uzun illər fərqli geyim tərzi və həyat hekayəsi ilə diqqət mərkəzində olan Sultan Özcan müalicə aldığı xəstəxanada vəfat edib.

Məlumata görə, Sultan Özcan 15 yaşında uşaqlıq sevgisi ilə ailə həyatı qurub. Lakin övlad sahibi ola bilmədiyi üçün həyat yoldaşından ayrılıb. Bu hadisədən sonra onun həyatı tamamilə dəyişib.

Ayrılıqdan sonra Sultan Özcan qırmızı rəngi həyatının ayrılmaz hissəsinə çevirib. O, geyimlərini, istifadə etdiyi əşyaları və hətta yaşadığı məkanı belə qırmızı rəngdə seçərək illər ərzində Türkiyədə “Qırmızı Qadın” kimi tanınıb.

Onun vəfat xəbəri Konyada böyük kədər yaradıb. Dəfn mərasimində yüzlərlə insan iştirak edib. Mərasimdə Sultan Özcanın qırmızı rəngə boyanmış tabutu da iştirakçıların diqqətini cəlb edib.

Sultan Özcan yaşadığı çətinliklərə baxmayaraq, fərqli həyat tərzi və yadda qalan hekayəsi ilə uzun illər insanların yaddaşında iz buraxan simalardan biri kimi xatırlanacaq.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın