12 MART NAXÇIVAN TELEVİZİYASININ YARANMA GÜNÜDÜR
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Muxtar Respublikanın ən böyük kütləvi informasiya orqanıdır.
Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci ildə isə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ilin 12 martında muxtar respublikada televiziya fəaliyyətə başlamış, yeni yaradılan komitə ilk vaxtlar Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi, 26 dekabr 1978-ci ildə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, daha sonra Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılmışdır.
1 aprel 2021-ci ildə isə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.
Naxçıvan Teleradiosu yarandığı gündən Azərbaycan Respublikasının və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatını əks etdirən müxtəlif məzmunda, rəngarəng televiziya verilişləri hazırlayaraq tamaşaçıya təqdim edir. Televiziya peşəkar səviyyədə yayımlanan rəngarəng verilişləri, təhsil proqramları, sənədli filmləri, musiqi və mədəniyyət verilişləri ilə yalnız muxtar respublikada deyil, eləcə də paytaxt səviyyəsində də tanınır və sevilir…
Naxçıvan Televiziyasının yaranması münasibətilə televiziya kollektivini səmimi qəlbdən təbrik edir, onlara daha böyük yaradıcılıq uğurları arzu edirik.
Esmira RƏHİMOVA