Şah titulunun mənşəyi haqqında

ELAZ.İNFO 

Şah titulu müasir İran coğrafiyasında ilk dəfə Fars hakimliyində, daha sonra isə Əhəməni fars dövlətində “xšāyaθiya” (xşayasiya) hökmdar titulu kimi işlənib.

Əhəməni hökmdarı I Dara Bisütun kitabəsində bir neçə fraqmentdə “xšāyaθiya xšāyaθiyānām” (xşayasiya xşayasiyanam) titulundan istifadə edir ki, bu da “şahənşah və ya şahlar şahı” deməkdir. “Xşayasiya” sonralar Atropatena (Andirpatian/Adurbadaqan), Parfiya, Sasani və Alban/Aran Arşaki dövlətlərində şah titulu kimi geniş yayılıb.

Zamua, Giızan, Manna, Aşquz (İşquz/İskit/Sak) və Mada (Midiya) dövlətlərində isə “irandilli və ya iranmənşəli” sülalələr hakimiyyətdə olmadığı üçün şah titulu istifadə edilməyib. Hətta Aşşur mətnlərində Mannada “şarru” ilə yanaşı yerli hökmdar titulu olan “yanzu”dan bəhs edilir.

Manna hökmdarı İranzunun adının şəxs adı yox “Yanzu” hökmdar titulu olması da güman edilir. Urmiyadan cənub-qərbdə yerləşən Muşaşir hakimliyində də bu titul geniş yayılmışdı. Yəni Cənubi Qafqaz, Anadolu, Şimali Mesopotamiya, Urmiya gölü hövzəsi, Zaqros bölgəsi və müasir İranın heç bir yerində şah titulu ilk hökmdar titulu kimi istifadə edilməyib.

Qeyd edim ki, qədim fars dilindəki 𐎧𐏁𐎠𐎹𐎰𐎡𐎹 “xšāyaθiya” (“şah”) titulu Avesta və Sanskrit dillərində “xşa” (-ya) yəni “hökm etmək, ağalıq etmək” sözündən olub, qədim hind dillərində “kşatriya”, yəni “hərbçi, hərbi başçı” sözü ilə eyni kökdəndir.

Ramin ƏLİZADƏ

Bizi izləyin və paylaşın