Dünya musiqisində əsas gəlir mənbəyi dəyişir: Onlayn dinləmə bazarın böyük hissəsini formalaşdırır

28.10.2026

ELAZ.İNFO xəbər verir ki, musiqi sənayesində rəqəmsal platformaların çəkisi artmaqda davam edir. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) nümayəndəsi Dong Wu-nun Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində verdiyi məlumata görə, striminq xidmətləri musiqi sənayesinin gəlirlərinin təxminən 70 faizini formalaşdırır.

Onun sözlərinə görə, rəqəmsal xidmətlər son on ildə orta hesabla hər il 8 faiz böyüyüb. Bu göstəricilər musiqinin dinləyiciyə çatdırılma üsulunun dəyişdiyini və onlayn platformaların sənayedə mühüm yer tutduğunu göstərir.

Forumda çıxış edən digər mütəxəssislər də yaradıcı sənayelərin inkişafı üçün yeni bazarların yaradılmasının, məhsulların xarici ölkələrə çıxarılmasının və özəl investisiyaların cəlb edilməsinin əhəmiyyətini vurğulayıblar.

Rəqəmsal platformaların böyüməsi musiqiçilər üçün yeni auditoriyalara çıxış imkanı yaratsa da, bu bazarda gəlirin yaradıcılar arasında necə bölüşdürülməsi də müzakirə mövzusu olaraq qalır.

İlahə BAYINDIR

👁 130