Bakıda beynəlxalq incəsənət festivalı başlayır: Paytaxt 10 gün sənət mərkəzinə çevriləcək

ELAZ.İNFO xəbər verir ki, Bakıda bu gündən etibarən incəsənət həvəskarlarını bir araya gətirəcək Bakı Beynəlxalq İncəsənət Festivalına start verilir. Noyabrın 8-dək davam edəcək festival çərçivəsində tamaşaçılara musiqi, teatr, rəqs, balet və vizual sənətin müxtəlif istiqamətlərini əhatə edən proqram təqdim olunacaq.
Festivalın proqramına 20-dən çox tədbir daxildir. Müxtəlif ölkələrdən sənətçilərin və yaradıcı kollektivlərin qatılacağı tədbirlərdə həm klassik sənət nümunələri, həm də müasir səhnə yanaşmaları yer alacaq.
Təşkilatçıların açıqladığı məlumata görə, festival çərçivəsində tamaşalar və konsertlərlə yanaşı, film nümayişləri, sənətçilərlə görüşlər və ustad dərsləri də nəzərdə tutulub.
Bakı Beynəlxalq İncəsənət Festivalı paytaxtın mədəni həyatında beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaratmağı və yerli tamaşaçıları fərqli sənət ənənələri ilə tanış etməyi hədəfləyir.
İlahə BAYINDIR




