Meşəyə aparılan meyitin sirri: Qadın qətlə yetirildi, şübhəli saxlanıldı

25.09.2026

ELAZ.İNFO xəbər verir ki, Qusarın meşəlik ərazisində tapılan qadın meyiti ətrafında aparılan araşdırma hadisənin arxasında qətl dayandığını üzə çıxarıb. Hadisənin izi isə Qusardan Bakının Xətai rayonuna qədər uzanıb.

Sentyabrın 23-də Əvəcuğ-Xürəl kəndi ərazisində meşədə 1976-cı il təvəllüdlü Bakı sakini Səadət Həsənovanın meyiti aşkarlanıb. Onun bədənində bıçaq xəsarətləri müəyyən edilib.

Araşdırma zamanı məlum olub ki, qadın sentyabrın 21-də Xətai rayonunda öldürülüb. İstintaqın ilkin məlumatına əsasən, əvvəllər məhkum olunmuş 1999-cu il təvəllüdlü Kamran Seyidov yaxın münasibətdə olduğu S.Həsənovanı qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.

Daha sonra o, qadının meyitini idarə etdiyi “Mercedes” markalı avtomobillə Qusara apararaq kəndin meşəlik ərazisində gizlədib.

Polis əməkdaşları tərəfindən saxlanılan K.Seyidov barəsində araşdırma davam etdirilir. Hadisənin bütün detalları istintaq çərçivəsində müəyyənləşdirilir.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın
👁38
Teqlər: