Məktəb – şagirdin evdə aldığı tərbiyəni korrektə edir. Sıfırdan tərbiyə vermir. Bir uşağın tərbiyəsində təbii mühit- ailə çox önəm daşıyır. Eyni zamanda genetik faktorların da əhəmiyyəti danılmazdır. Torpağa hansı toxumu əkərsənsə çıxan fidanlar ondan yaşıllanacaq. Ailənin əkdiyi toxumu məktəb ən çoxu becərə bilər. Heç bir qüvvə söyüdə bar verdirə bilməz.
Bütün günahları məktəbə yükləmək, tamamilə absurd və məsuliyyətdən boyun qaçırmaqdır. Evdə iki uşağın psixologiyası ilə maraqlanmayan valideyn “Niyə məktəbdə yüzlərlə şagirdə fərdi yanaşılmır?” deyə üsyan edir. Halbuki enerjisini özünə yönəltsə, “Övladım üçün daha nələr edə bilərəm” – deyə düşünsə, bugün daha xoşbəxt gələcək bizi gözləyər.
Dinlənilməyən, görülməyən, eşidilməyən, təqdir görməyən, aşağılanan, mütəmadi tənqidə məruz qalan və daima müqayisə olunan uşaqlar əsla xoşbəxt böyüyə bilməz. Uşaqların alnından deyil, ruhundan öpmək lazımdır. Qalib gələndə deyil, məğlub olanda dəstəkləmək lazımdır. Doğrusu ilə, yanlışı ilə qəbullanıb günahıyla, savabıyla sevmək lazımdır. Əgərsiz, şərtsiz, qarşılıqlı və təmənnalı deyil, rəğmən sevmək lazımdır. Qüsurlarını fərqlilik sanıb xırda addımlarıyla qürur duymaq lazımdır. Ən yaxşını sevmək deyil, sahib olduğunu sevmək lazımdır. Çünki sahib olduğumuz ən yaxşısıdır.
Gələcək bizim əlimizdədir. Qarşımızda bir dibçək, əlimizdə toxum dənəsi. Qulluq edib, sevgi verəcəyiksə çiçək açacaq, əks halda nə çiçəyin günahı var, nə dibçəyin. Sulamadığın çiçək solmağa məhkumdur.
Övladlarımıza verə biləcəyimiz ən böyük sərvət – sevgidir. Onların sığına biləcəyi bir qucaq, döyə biləcəkləri bir qapı və ürəklərini isidəcək bir cüt şirin söz olacağıqsa bu dünyadan qaçmaq deyil, həyata daha möhkəm tutunmağa çalışacaqlar. Uşaq evin güzgüsü, cəmiyyətin sözcüsüdür. Güzgünü təmiz saxlamaq valideynin, sözcünü xoşbəxt etmək isə cəmiyyətin borcudur.
Gülnarə Əmiraslanova