Hörmüz böhranı neft bazarını dəyişir: Problem artıq təkcə qiymət deyil


ELAZ.İNFO xəbər verir ki, dünya neft bazarında Hörmüz boğazı ətrafındakı böhranın təsiri artıq yalnız neftin bir barelinin qiyməti ilə ölçülmür. Yaxın Şərqdən neft ixracının müəyyən qədər bərpa olunmasına baxmayaraq, daşınma, sığorta və emal xərclərinin kəskin yüksəlməsi enerji bazarının əvvəlki mexanizmini dəyişdirir.
Reuters-in son təhlilinə görə, sentyabrın son həftəsində Hörmüzdən keçən neft həcmi sutkada orta hesabla 14,2 milyon barrelə çatıb. Bu, müharibədən əvvəlki səviyyənin təxminən 80 faizinə bərabərdir. Yəni boğazdan keçən neft axını müəyyən qədər bərpa olunub.
Lakin bazarda gözlənilən ucuzlaşma baş vermir. Brent markalı neftin qiyməti 100 dollardan yuxarı qalmaqda davam edir. Səbəb isə artıq yalnız neftin çatışmazlığı deyil.
Tanker daşıması rekord dərəcədə bahalaşıb
Böhran nəticəsində neftin daşınması üçün istifadə olunan tanker bazarında qiymətlər kəskin yüksəlib. Reuters-in məlumatına görə, Yaxın Şərqdən Asiyaya neft daşıyan iri tankerlərin gündəlik fraxt qiyməti bəzi marşrutlarda 1,2 milyon dollara qədər yüksəlib. Halbuki ilin əvvəlində bu göstərici təxminən 30 min dollar idi.
Bu artım neftin son istehlakçıya çatdırılma qiymətində daşınmanın payını da dəyişib. Əvvəllər nisbətən kiçik xərc hesab olunan fraxt və sığorta indi enerji qiymətlərinin əsas komponentlərindən birinə çevrilir.
Üstəlik, neftin daşınması üçün daha uzun və mürəkkəb marşrutlardan istifadə edilir. Bəzi yüklər Hörmüzdən keçdikdən sonra başqa tankerlərə ötürülür. Bu isə həm vaxtı, həm də logistika xərclərini artırır.
Problem emal zavodlarına da keçir
Neft bazarındakı təzyiq yalnız tankerlərlə bitmir. Yaxın Şərq və Rusiyada emal güclərinin zədələnməsi xüsusilə dizel bazarında vəziyyəti çətinləşdirib.
Nəticədə dünya bazarında neftin qiymətini müəyyən edən amillər dəyişir: artıq hasilat və tələb qədər nəqliyyat imkanları, sığorta xərcləri və emal gücü də ön plana çıxır. Reuters bu səbəbdən mövcud vəziyyəti klassik “neft çatışmazlığı” böhranından daha mürəkkəb logistika problemi kimi xarakterizə edir.
G7 ölkələrinin strateji ehtiyatlardan yanacaq və neft buraxmaq qərarı bazara əlavə həcm gətirə bilər. Eyni zamanda sentyabrda Yaxın Şərqdən neft ixracının müharibədən əvvəlki səviyyələri aşdığı günlər də olub.
Ancaq əsas məsələ riskin aradan qalxmasıdır. ABŞ və İran arasında Hörmüz boğazının gələcəyi ilə bağlı razılaşma əldə olunmadıqca, bazar yalnız mövcud neft həcminə deyil, onun təhlükəsiz və münasib qiymətlə daşınıb-emal edilə bilməsinə də reaksiya verməyə davam edəcək.
İlahə BAYINDIR





