Ermənistan ərazisində yerləşən tarixi abidələrdən biri kimi təqdim olunan Talın qalası ilə bağlı yeni açıqlama verilib. Tarixçi Ramin Əlizadə qala və onun ətrafındakı tarixi proseslər barədə fikirlərini bölüşüb.
ELAZ.İNFO xəbər verir ki, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın qədim dövr tarixi” şöbəsinin müdiri Ramin Əlizadə Talın qalasının tarixi ilə bağlı paylaşım edib.
Tarixçinin sözlərinə görə, Talın qalasının yerləşdiyi ərazi qədim dövrlərdən mühüm siyasi və hərbi hadisələrin baş verdiyi bölgələrdən biri olub. O bildirib ki, qalada aşkar edilən bəzi tikinti qalıqları və artefaktlar e.ə. III–II əsrlərə aid edilir.
Ramin Əlizadə qeyd edib ki, qədim mənbələrdə bu ərazinin Atropatena dövləti ilə bağlı olduğu barədə məlumatlar yer alır. Onun fikrincə, sonrakı dövrlərdə bölgə müxtəlif dövlətlərin təsir dairəsində olub və uzun müddət hərbi qarşıdurmaların mərkəzlərindən birinə çevrilib.
Tarixçi bildirib ki, Talın qalası ətrafında baş verən proseslər müxtəlif tarixi mənbələrdə, o cümlədən orta əsr müəlliflərinin əsərlərində əks olunub. O, həmin mənbələrdə hunlar, ağ hunlar, barsillər, peçeneqlər və xəzərlər kimi türk mənşəli tayfalar haqqında məlumatların yer aldığını vurğulayıb.


Ramin Əlizadənin sözlərinə görə, VII əsrdən etibarən bölgə İslam dünyasının təsir dairəsinə daxil olub. O qeyd edib ki, Talın ərazisində qədim dini tikililərdən birinin mövcud olduğu və sonrakı dövrlərdə bölgədə baş verən siyasi proseslər nəticəsində bu abidələrin dəyişikliklərə məruz qaldığı barədə məlumatlar var.
Tarixçi həmçinin bildirib ki, Səfəvi-Osmanlı müharibələri zamanı qala ərazisi dağıntılara məruz qalıb. Onun sözlərinə görə, sonrakı dövrlərdə bölgədə aparılan dəyişikliklər nəticəsində bəzi tarixi izlər itib.
Ramin Əlizadə paylaşdığı fotolarda Talın qalasının qalıqları, qala divarları boyunca yerləşən tikililərin və digər tarixi izlərin göründüyünü qeyd edib.
İlahə BAYINDIR


