Almaniyanın avtomobil sənayesi böyük problemlərlə üzləşə bilər

Almaniyanın avtomobil sənayesi böyük problemlərlə üzləşə bilər

Avropanın ən böyük iqtisadiyyatlarından biri olan Almaniyada avtomobil sənayesinin gələcəyi ilə bağlı müzakirələr davam edir. Xüsusilə Çin avtomobil istehsalçılarının Avropa bazarında mövqelərini gücləndirməsi Almaniya şirkətləri üçün yeni rəqabət mühiti yaradıb.

ELAZ.İNFO  xəbər verir ki, analitik Asif Şəfəqqətov Almaniyanın avtomobil sənayesinin ölkə iqtisadiyyatındakı rolu və qarşıdakı risklərlə bağlı paylaşım edib.

Şəfəqqətov bildirib ki, avtomobil sektoru Almaniya iqtisadiyyatının əsas dayaqlarından biridir. Onun sözlərinə görə, bu sahə ölkənin ümumi daxili məhsulunda mühüm paya malik olmaqla yanaşı, sənaye istehsalı, ixrac və məşğulluq baxımından da strateji əhəmiyyət daşıyır.

Analitik qeyd edib ki, Almaniya avtomobil sənayesində yüz minlərlə insan birbaşa çalışır, bu sahə ilə əlaqəli xidmət və təchizat zəncirlərində isə milyonlarla insanın fəaliyyəti bu sektordan asılıdır. Onun fikrincə, avtomobil sənayesində baş verəcək ciddi dəyişikliklər ölkənin ümumi iqtisadi vəziyyətinə də təsir göstərə bilər.

Şəfəqqətovun sözlərinə görə, son illərdə Çin avtomobillərinin Avropa bazarında payının sürətlə artması yerli istehsalçılar qarşısında ciddi rəqabət yaradıb. O hesab edir ki, Çin şirkətləri mövcud tempdə Avropa bazarına daxil olmağa davam edərsə, Almaniya avtomobil markaları uzunmüddətli perspektivdə çətin vəziyyətlə üzləşə bilər.

Analitik vurğulayıb ki, Almaniya avtomobil sənayesinin əsas gücü yalnız daxili bazarla bağlı deyil, ixrac imkanları ilə də əlaqəlidir. Onun fikrincə, qlobal bazarlarda rəqabətin güclənməsi Almaniyanın ənənəvi üstünlüklərinə təsir edə bilər.

Şəfəqqətov Avropa İttifaqının Çin avtomobillərinə qarşı mümkün məhdudlaşdırıcı tədbirlərinin də məsələnin tam həlli olmayacağını düşünür. O bildirib ki, belə addımlar qarşı tərəfin cavab tədbirləri ilə nəticələnə və Avropa şirkətlərinin digər bazarlardakı fəaliyyətinə təsir göstərə bilər.

Analitikin fikrincə, Almaniya avtomobil sənayesində yaranacaq problemlər yalnız bir sektorla məhdudlaşmaya bilər. O hesab edir ki, bu sahənin zəifləməsi ölkənin iqtisadi çəkisinə və Avropa İttifaqındakı roluna da təsir göstərə bilər.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın