Bakı metrosunda sərnişin axını artıb: İki stansiyada 64 faizlik yüksəliş

ELAZ.İNFO xəbər verir ki, Bakı metrosunun bəzi stansiyalarında sərnişin sayında nəzərəçarpan artım qeydə alınıb. Oktyabr ayı ərzində “Xocəsən” və “Avtovağzal” stansiyalarından ümumilikdə 556 min 424 nəfər istifadə edib.
Bu göstərici sentyabr ayı ilə müqayisədə 64 faiz çoxdur. Hər iki stansiyada girişin ödənişsiz olması sərnişin axınının artmasına təsir edən amillərdən biri kimi diqqət çəkir.
Ümumilikdə oktyabrda Bakı metrosunda 16 milyondan artıq səfər həyata keçirilib. Ay ərzində ən çox sərnişin qəbul edən stansiya “Koroğlu” olub. Buradan 1 milyon 683 min 32 nəfər istifadə edib.
Qeyd edək ki, metroda rəqəmsal ödənişlərin də payı artmaqda davam edir. Oktyabr ayında NFC və QR bilet vasitəsilə 8 milyon 879 min 685 ödəniş həyata keçirilib.
İlahə BAYINDIR




