ELAZ.İNFO xəbər verir ki, iyulun 31-də Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli əməkdaşlığın inkişafına yönəlmiş bir sıra mühüm sənədlərin mübadiləsi mərasimi keçirilib. Tədbir Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə baş tutub.
Mərasim zamanı iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsinə xidmət edən sənədlər imzalanaraq qarşılıqlı şəkildə mübadilə edilib.
Dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı, həmçinin “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.
İmzalanan sənədlər Azərbaycan və Qırğızıstan arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın yeni mərhələyə yüksəldilməsinə, eləcə də iki qardaş ölkə arasında strateji əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, son illərdə Azərbaycan və Qırğızıstan arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanan razılaşmalar ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini göstərir. Yeni sənədlərin imzalanması da bu əməkdaşlığın daha da genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İlahə BAYINDIR


