ABŞ–İran münasibətlərində yeni gərginlik mərhələsi

03.11.2026

ELAZ.İNFO

Müharibə, diplomatiya və Yaxın Şərqin gələcəyi


ABŞ və İran arasında qarşıdurma yeni mərhələyə daxil olub. Hərbi təzyiqlər, nüvə proqramı ətrafında fikir ayrılıqları, Hörmüz boğazı uğrunda geosiyasi mübarizə və vasitəçilik təşəbbüsləri regionda qeyri-müəyyənliyi artırır. Tərəflər danışıqlar aparsalar da, hələlik münaqişənin siyasi həllinə dair ortaq mövqe formalaşmayıb.

ABŞ və İran münasibətləri uzun illərdir beynəlxalq siyasətin ən mürəkkəb və təhlükəli istiqamətlərindən biri olaraq qalır. Lakin 2026-cı ildə baş verən hadisələr göstərir ki, Vaşinqtonla Tehran arasındakı qarşıdurma artıq ənənəvi diplomatik mübahisə və sanksiyalar çərçivəsini xeyli geridə qoyub. Hərbi əməliyyatlar, qarşılıqlı təhdidlər, strateji dəniz yollarının təhlükəsizliyi və nüvə məsələsi iki ölkə arasındakı münasibətləri daha geniş regional və beynəlxalq təhlükəsizlik probleminə çevirib.
Hazırkı vəziyyətin əsas xüsusiyyəti ondan ibarətdir ki, tərəflər bir tərəfdən hərbi təzyiq vasitələrindən istifadə edir, digər tərəfdən isə danışıqlar kanalını tamamilə bağlamaq istəmirlər. Hərbi qarşıdurma diplomatik danışıqları kölgədə qoyur.
2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar regionda təhlükəsizlik balansına ciddi təsir göstərib. Sonrakı aylarda qarşıdurma Hörmüz boğazı, Fars körfəzi və digər strateji ərazilərdə yeni gərginlik ocaqlarının yaranmasına səbəb olub.

Noyabrın 3-də Reuters agentliyinin yaydığı məlumata görə, ABŞ qüvvələri İranın Qeşm adasında hava hücumundan müdafiə vasitələrinə qarşı məhdud xarakterli zərbələr endirib. ABŞ rəsmiləri bu əməliyyatı müdafiə xarakterli adlandırıblar. Bununla yanaşı, Vaşinqtonun hərbi əməliyyatları yenidən genişləndirə biləcəyi ehtimalı gündəmdə qalır.
ABŞ prezidenti Donald Tramp İranla razılaşma əldə olunmadığı təqdirdə hərbi variantın da mümkün olduğunu bəyan edir. Tehran isə yeni hücumların cavabsız qalmayacağını və cavab tədbirlərinin yalnız Yaxın Şərqlə məhdudlaşmaya biləcəyini bildirir.
Burada diqqət çəkən əsas məqam odur ki, hər iki tərəf qarşı tərəfin güzəştə getməsini təmin etmək üçün hərbi və siyasi təzyiq mexanizmlərindən istifadə edir. Lakin bu yanaşma diplomatik razılaşmanın əldə edilməsini asanlaşdırmaq əvəzinə, etimad böhranını daha da dərinləşdirə bilər.

ABŞ–İran qarşıdurmasının ən mühüm geosiyasi istiqamətlərindən biri Hörmüz boğazıdır. Bu boğaz dünya enerji ticarətinin əsas strateji marşrutlarından biridir. Burada hərbi gərginliyin artması yalnız İran və ABŞ üçün deyil, enerji idxalından asılı olan çoxsaylı ölkələr üçün də ciddi iqtisadi risklər yaradır. Tehranın Hörmüz boğazının açılması məsələsini ABŞ-ın tələbləri ilə əlaqələndirməsi, Vaşinqtonun isə İranın limanlarına qarşı dəniz blokadasını davam etdirməsi qarşılıqlı təzyiq mexanizmlərinin əsas elementinə çevrilib.
İranın əsas şərtləri arasında neft sanksiyalarının aradan qaldırılması, dəniz blokadasının dayandırılması və xaricdə dondurulmuş maliyyə vəsaitlərinin azad edilməsi yer alır. ABŞ isə nüvə proqramı ilə bağlı konkret və yoxlanıla bilən güzəştlər tələb edir.
Beləliklə, Hörmüz boğazı artıq yalnız regional nəqliyyat və enerji marşrutu deyil, iki ölkə arasındakı siyasi danışıqların əsas təzyiq vasitələrindən birinə çevrilib. Bu vəziyyətin dünya iqtisadiyyatına təsiri də diqqətdən kənarda qalmamalıdır. Enerji daşımalarının təhlükəsizliyi ilə bağlı risklər neft və qaz qiymətlərində dəyişkənliyi artırır, beynəlxalq ticarət marşrutlarına və sığorta xərclərinə əlavə təzyiq yaradır.

Vaşinqton İranın nüvə fəaliyyətinə ciddi məhdudiyyətlər qoyulmasını, zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı konkret addımlar atılmasını və beynəlxalq yoxlamaların bərpasını istəyir. Tehran isə nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə hüququndan imtina etmək niyyətində olmadığını bildirir.

Məsələnin mürəkkəb tərəfi ondan ibarətdir ki, ABŞ nüvə məsələsinin ilkin mərhələdə həllini vacib hesab edir, İran isə əvvəlcə iqtisadi və hərbi təzyiqlərin aradan qaldırılmasını tələb edir. Başqa sözlə, tərəflər razılaşmanın başlanğıc nöqtəsi barədə belə ortaq mövqeyə malik deyillər.Bu ziddiyyət aradan qaldırılmadan genişmiqyaslı siyasi anlaşmanın əldə olunması çətin görünür.

Mövcud vəziyyətdə diqqət çəkən məqamlardan biri də regional dövlətlərin diplomatik fəallığıdır.
Qətər ABŞ və İran arasında vasitəçilik səylərini intensivləşdirib. Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir də regional gərginliyin azaldılması istiqamətində diplomatik təşəbbüslərdə iştirak edirlər.

ABŞ–İran münasibətlərində baş verən proseslər Azərbaycan üçün də xüsusi geosiyasi əhəmiyyət daşıyır.
Azərbaycan həm Cənubi Qafqazın, həm də Xəzər hövzəsinin mühüm dövlətlərindən biri kimi regional təhlükəsizlik proseslərinin təsir dairəsindədir. İranla quru sərhədinin mövcudluğu, enerji və nəqliyyat layihələri, eləcə də Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri bu qarşıdurmanı Bakı üçün diqqətlə izlənilməli məsələyə çevirir.
İran ətrafında hərbi gərginliyin genişlənməsi bir neçə istiqamətdə risklər yarada bilər. Sərhəd təhlükəsizliyi və regional sabitlik məsələləri daha həssas xarakter ala bilər. İkincisi, enerji bazarlarında qeyri-sabitlik Azərbaycanın enerji ixracı və beynəlxalq iqtisadi əlaqələri baxımından yeni imkanlar və risklər yarada bilər .Üçüncüsü, Cənubi Qafqazda böyük güclərin geosiyasi rəqabətinin intensivləşməsi regional diplomatiyanın əhəmiyyətini artıra bilər.
Bu şəraitdə Azərbaycanın əsas marağı regionda hərbi eskalasiyanın qarşısının alınması, dövlətlərin suverenliyinə hörmət edilməsi, beynəlxalq hüququn prinsiplərinin qorunması və iqtisadi-ticarət əlaqələrinin təhlükəsizliyinin təmin olunmasıdır.
Azərbaycan üçün qonşu ölkədə uzunmüddətli qeyri-sabitliyin yaranması arzuolunan ssenari deyil. Buna görə də regional təhlükəsizlik və diplomatik həll mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Natəvan Bəydili

👁 150
Teqlər: