İlham Əliyev Qırğızıstana getdi

İlham Əliyev Qırğızıstana getdi – ŞƏT sammitində iştirak edəcək

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək məqsədilə Qırğızıstana işgüzar səfərə gedib.

Dövlət başçısının səfəri avqustun 31-də başlayıb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Bişkekdə yerləşən “Manas” Beynəlxalq Hava Limanında Qırğızıstan Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.

Azərbaycan Prezidentinin qarşılanması mərasimində hər iki ölkənin dövlət bayraqları qaldırılıb və dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İlham Əliyevin Qırğızıstana səfərinin əsas gündəmi Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirakla bağlıdır.

Səfər Azərbaycan üçün Mərkəzi Asiya ölkələri ilə siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi baxımından da diqqət çəkir. Bakı son illərdə region dövlətləri ilə nəqliyyat, enerji, ticarət və qarşılıqlı investisiyalar istiqamətində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.

Prezident İlham Əliyevin Bişkekdə keçirəcəyi görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, regional təhlükəsizlik, nəqliyyat bağlantıları və iqtisadi əməkdaşlıq məsələlərinin də müzakirə olunacağı gözlənilir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın