“The Economist”dən ABŞ-a diqqətçəkən mesaj:

“The Economist”dən ABŞ-a diqqətçəkən mesaj: “Daxil olmayın!”

ELAZ.İNFO xəbər verir ki, nüfuzlu Britaniya nəşri “The Economist”in son buraxılışının üz qabığı ABŞ-la bağlı diqqətçəkən simvolik mesajla gündəmə gəlib.

Jurnalın üz qabığında ABŞ bayrağının elementlərindən qeyri-adi şəkildə istifadə olunub. Bayraqdakı zolaqlar tikanlı məftilləri, ulduzlar isə həmin məftillərin üzərindəki tikanları xatırladan formada təsvir edilib.

Kompozisiyanın üzərində isə “Daxil olmayın!” mesajı yerləşdirilib.

Nəşrin istifadə etdiyi simvolika ABŞ-ın dünyaya münasibətində baş verən dəyişikliklərlə bağlı müzakirələrə işarə kimi qiymətləndirilir. Xüsusilə ölkənin sərhəd siyasəti, miqrasiya məsələsi və xaricdən gələnlərə münasibət son illərdə ABŞ ətrafında gedən siyasi müzakirələrin əsas mövzularındandır.

Üz qabığında daha bir diqqətçəkən detal ABŞ-ın “USA” abreviaturasına verilən alternativ izahdır. Nəşr bunu “The Unwelcoming States of America” ifadəsi ilə təqdim edir. Bu ifadə şərti olaraq “Amerikanın qonaqpərvər olmayan ştatları” kimi tərcümə oluna bilər.

“The Economist”in bu vizual yanaşması ABŞ-ın əvvəlki illərdə formalaşdırdığı “azadlıq ölkəsi” imicinin fonunda ölkənin hazırkı siyasi kursuna yönəlmiş tənqidi mesaj kimi diqqət çəkir.

Üz qabığının əsas mesajı isə bir sualı ön plana çıxarır: ABŞ dünyaya açıq ölkə imicindən uzaqlaşaraq daha qapalı və sərhədləri sərtləşdirilmiş dövlət modelinə doğru gedirmi?

Nəşrin seçdiyi simvollar məhz bu sual ətrafında siyasi və ictimai müzakirələrə zəmin yaradır.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın