ABŞ İrandakı hədəflərə zərbə endirdi:

ABŞ İrandakı hədəflərə zərbə endirdi: Hörmüzdə vəziyyət daha da gərginləşir

ELAZ.INFO xəbər verir ki, ABŞ ilə İran arasında son günlər yenidən artan hərbi qarşıdurma Yaxın Şərqdə vəziyyəti kritik həddə çatdırıb.

ABŞ ordusunun İranın Hörmüz boğazı yaxınlığında yerləşən Larak adasındakı raket buraxılış qurğularına zərbə endirməsindən sonra Tehran tərəfindən də cavab addımları atılıb.

Reuters-in məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu İordaniyada yerləşən iki ABŞ hərbi bazasına zərbə endirdiyini açıqlayıb. Vaşinqton isə bölgədəki hərbi əməliyyatların İran tərəfindən yaradılan təhlükələrə cavab xarakteri daşıdığını bildirir.

Gərginliyin əsas mərkəzlərindən biri isə Hörmüz boğazıdır. Dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan bu marşrutda gəmi hərəkətinin əhəmiyyətli dərəcədə azalması neft bazarında ciddi narahatlıq yaradıb.

Ekspertlərin diqqətində olan əsas məsələ qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilib-çevrilməyəcəyidir. Çünki Hörmüz boğazında təhlükəsizlik vəziyyətinin pisləşməsi yalnız İran və ABŞ-a deyil, dünya enerji bazarına da birbaşa təsir göstərə bilər.

ABŞ administrasiyasının İrana qarşı yeni iqtisadi sanksiyalar hazırlaması da qarşıdurmanın yalnız hərbi müstəvidə qalmadığını göstərir.

Hazırda beynəlxalq ictimaiyyətin əsas gözləntisi hərbi eskalasiyanın dayandırılması və diplomatik kanalların yenidən işə salınmasıdır.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın