İran öz siyasi modelini qorumağa çalışan ölkədir.

İran öz siyasi modelini qorumağa çalışan ölkədir

ELAZ.İNFO

2026-cı ilin yayına gəldikdə İran Yaxın Şərqin ən mürəkkəb siyasi böhranlarından birinin mərkəzindədir. Fevralın 28-də ABŞ və İsrailin zərbələri nəticəsində Ali Rəhbər Əli Xameneinin öldürülməsi və martın 8-də onun oğlu Müctəba Xameneinin yeni Ali Rəhbər seçilməsi İran siyasi sistemində tarixi dəyişiklik yaratdı. Lakin hakimiyyətin ali səviyyəsində baş verən bu dəyişiklik rejimin dağılması ilə nəticələnmədi; əksinə, sistem özünü daha sərt təhlükəsizlik və hərbi məntiq ətrafında yenidən təşkil etməyə çalışdı.

Bu gün İranın əsas problemi təkcə xarici düşmənlə qarşıdurma deyil. Əsas problem odur ki, dövlətin xarici siyasətdə davamlı müqavimət strategiyası ilə ölkə daxilində əhalinin iqtisadi və sosial tələbləri arasında uçurum getdikcə böyüyür

Əli Xameneinin ölümündən sonra ən böyük sual İran İslam Respublikasının siyasi sisteminin dağılacağı idi. Bu, baş vermədi. Müctəba Xameneinin Ali Rəhbər postuna gətirilməsi, ilk baxışdan, hakimiyyətin ailəvi varislik formasına keçməsi təsiri yaradır. Lakin məsələ yalnız Xameneilər ailəsi ilə bağlı deyil. İranın təhlükəsizlik strukturları, İnqilab Keşikçiləri Korpusu və dini-siyasi elita sistemin əsas dayaqları olaraq qalır. Bu səbəbdən bugünkü İranı “rejim süqutunun astanasında olan dövlət” kimi qiymətləndirmək tələskənlik olardı. Daha doğru ifadə “daxili legitimliyi zəifləyən, lakin zorakı və institusional imkanlarını hələ qoruyan rejim”dir.

Bununla yanaşı, yeni Ali Rəhbərin uzun müddətdir ictimaiyyət qarşısında görünməməsi və səhhəti ilə bağlı məlumatların məhdudluğu hakimiyyətin yuxarı eşelonunda qeyri-müəyyənlik yaradır. Reuters-in məlumatına görə, Müctəba Xameneinin fevral hücumunda ağır yaralandığı bildirilir və onun ictimai görünməməsi həm təhlükəsizlik, həm də sağlamlıq səbəbləri ilə əlaqələndirilir.

Bu vəziyyət gələcəkdə iki hakimiyyət mərkəzinin — dini-siyasi rəhbərlik və gündəlik idarəetməni həyata keçirən prezidentlik institutunun — münasibətlərini daha da həssas edə bilər.

Prezident Məsud Pezeşkian daha praqmatik və diplomatik xəttə meylli siyasi fiqur kimi görünür. Lakin İran sistemində prezident son qərarverici deyil..Nüvə proqramı, hərbi strategiya, ABŞ-la münasibətlər və Hörmüz boğazı kimi məsələlərdə əsas söz Ali Rəhbər və təhlükəsizlik-hərbi strukturlarındadır. Bu səbəbdən Pezeşkianın qarşısında paradoks yaranır: iqtisadiyyatın ayaqda qalması üçün Qərblə müəyyən razılaşma lazımdır, lakin rejimin ideoloji və təhlükəsizlik qanadı belə razılaşmanı strateji geri çəkilmə kimi qiymətləndirə bilər.Son həftələrdə Pezeşkian administrasiyası ilə daha sərt xətt tərəfdarları arasında fikir ayrılıqlarının olduğuna dair məlumatlar da bu problemi göstərir.

İran böhranının ən fundamental səbəblərindən biri iqtisadiyyatdır. ABŞ sanksiyaları, neft ixracına məhdudiyyətlər, müharibənin yaratdığı dağıntılar, rialın kəskin dəyər itirməsi və inflyasiya əhalinin real gəlirlərini ciddi şəkildə azaldıb.Son məlumatlara görə, ölkədə ərzaq inflyasiyası son dərəcə yüksək səviyyəyə çatıb, rialın zəifləməsi isə gündəlik istehlak mallarının qiymətini sürətlə artırır. Financial Times-ın 13 avqust tarixli məlumatında illik inflyasiyanın 80%-i keçdiyi, ərzaq qiymətlərinin isə təxminən 130% artdığı bildirilir. Müharibə ilə bağlı iqtisadi zərərin 270 milyard dollar civarında qiymətləndirilməsi də ölkənin üzləşdiyi miqyaslı problemi göstərir.

Su və elektrik çatışmazlığı, yanacaq növbələri, yüksək kirayələr, tibbi xərclərin artması və maaşların inflyasiya qarşısında dəyər itirməsi sosial narazılığı gündəlik həyatın bir hissəsinə çevirir. Bu baxımdan İranın qarşısında “sanksiyalara dözmək” məsələsindən daha böyük problem dayanır: əhalinin dövlətin iqtisadi idarəetmə qabiliyyətinə inamı aşınır.

2026-cı ilin əvvəlindəki kütləvi etirazların zorakı şəkildə yatırılması rejimə müəyyən müddətlik sabitlik gətirdi. Lakin bu, narazılığın aradan qalxması demək deyil.

Əksinə, son aylarda etirazlar daha parçalı və sosial xarakter alır: təqaüdçülər, tibb işçiləri, müəllimlər, mənzil layihələrində aldadılmış vətəndaşlar və müxtəlif peşə qrupları etiraz aksiyalarına çıxırlar. Avqust ayında müxtəlif şəhərlərdə qiymətlər, kommunal problemlər və ödənilməyən maaşlarla bağlı aksiyalar barədə məlumatlar yayılıb.

Bu çox mühüm tendensiyadır. Rejim siyasi etirazı polis və təhlükəsizlik qüvvələri ilə yatıra bilər. Lakin eyni zamanda ölkənin müxtəlif sosial qrupları iqtisadi səbəblərlə etiraz etməyə başlayanda repressiyanın problemi tam həll etmək imkanı azalır. Yəni İran üçün əsas təhlükə bir dəfəlik böyük küçə üsyanı deyil. Davamlı, lokal və müxtəlif sosial təbəqələrə yayılan narazılığın tədricən siyasi xarakter qazanmasıdır.

İranın xarici strategiyasında Hörmüz boğazı xüsusi əhəmiyyət daşıyır. Tehran boğazı bağlamaqla yalnız ABŞ-a təzyiq göstərmir. Eyni zamanda qlobal enerji bazarına mesaj verir: İranın iqtisadi və hərbi böhranı beynəlxalq iqtisadi sistem üçün də böyük risk yarada bilər. Reuters-in son məlumatına görə, İran və Oman Hörmüzdə gəmiçilik üçün yeni mexanizm üzrə razılaşmaya yaxınlaşsalar da, Tehran boğazın tam açılmasını ABŞ-ın müəyyən tələbləri yerinə yetirməsi ilə əlaqələndirir. İran sanksiyaların qaldırılmasını, aktivlərin açılmasını və ABŞ-İsrail hərbi təzyiqinin dayandırılmasını tələb edir. Hörmüzü bağlamaq ABŞ və Qərbə təzyiq vasitəsidir, amma uzun müddət bağlı saxlamaq İranın öz iqtisadiyyatını da boğur.Bu səbəbdən Tehran üçün ən optimal variant tam açıq və ya tam bağlı Hörmüz deyil. Daha çox nəzarətli, mərhələli və siyasi şərtlərə bağlanmış açılış İranın maraqlarına uyğun görünür.

İran və ABŞ arasında açıq diplomatik münasibətlər olmasa da, diplomatik kanal tamamilə yox olmayıb. Avqustun 12-də İran rəsmisi ABŞ-la atəşkəsin uzadılması barədə birbaşa danışıqlar aparılmadığını bildirib. Tehran iyunda imzalanmış müvəqqəti razılaşmanın şərtlərinə qayıdılmasını tələb edir. ABŞ isə İranın Hörmüzü açmasını və digər öhdəlikləri yerinə yetirməsini istəyir. Danışıqlar əsasən vasitəçilər — Pakistan və Qətər — üzərindən aparılır. Burada qarşı tərəflərin problemi eynidir: hər ikisi ilk güzəşti edən tərəf kimi görünmək istəmir.İran üçün ABŞ-la razılaşma daxildə “məğlubiyyət” kimi təqdim edilə bilər. ABŞ üçün isə İranın əsas tələblərini əvvəlcədən qəbul etmək Vaşinqtonun hərbi təzyiq strategiyasını zəiflədə bilər.Ona görə yaxın perspektivdə böyük və yekun sülh sazişindən daha çox mərhələli, texniki və vasitəçilər üzərindən qurulan razılaşmalar daha real görünür

İranın nüvə proqramı bütün böhranın mərkəzində dayanır. Tehran nüvə proqramını milli suverenliyin və təhlükəsizliyin təminatı kimi təqdim edir. ABŞ və İsrail isə bunun gələcəkdə nüvə silahı yaratmaq üçün istifadə edilə biləcəyindən ehtiyat edir.Hərbi zərbələr nüvə infrastrukturuna zərər vura bilər, amma İranın nüvə biliklərini və texniki potensialını tamamilə məhv etmək daha çətindir.Bu səbəbdən hərbi əməliyyatlar dayansa belə, nüvə məsələsi avtomatik həll olunmur. Əksinə, İran rəhbərliyində belə bir fikir daha da güclənə bilər: “Nüvə çəkindirməsi olmadığı üçün hücuma məruz qaldıq.”Bu isə paradoksal olaraq hərbi zərbələrin İranı nüvə proqramından uzaqlaşdırmaq əvəzinə daha gizli və daha təhlükəsiz şəkildə davam etdirməyə sövq etməsi riskini yaradır.

İranın vəziyyətini üç dairənin kəsişməsi kimi təsəvvür etmək olar:

Birinci dairə — xarici təhlükə:
ABŞ, İsrail və regional rəqiblərlə qarşıdurma.

İkinci dairə — iqtisadi böhran:
sanksiyalar, inflyasiya, rialın dəyərdən düşməsi, enerji və ərzaq problemləri.

Üçüncü dairə — legitimlik böhranı:
cəmiyyətin əhəmiyyətli hissəsinin siyasi sistemə inamının zəifləməsi.

Bu üç problem ayrı-ayrılıqda idarə oluna bilərdi,amma onlar eyni vaxtda baş verdikdə sistemin dayanıqlığına təsir daha böyük olur. Məhz buna görə İranın bugünkü vəziyyətini “müharibədən zərər çəkmiş ölkə” ifadəsi tam izah etmir. Daha doğru yanaşma budur: İran dövlət böhranından çox, idarəetmə modelinin böhranını yaşayır.Mənim qiymətləndirməmə görə, qısa müddətdə avtomatik rejim süqutu gözləmək düzgün deyil. Bunun da üç əsas səbəbi var:

  1. Təhlükəsizlik strukturları hələ fəaliyyət qabiliyyətini saxlayır.
  2. Hakim elita əsasən təşkilatlanmış vəziyyətdədir.
  3. Müharibə və xarici təhlükə rejimə “milli təhlükəsizlik” arqumenti ilə cəmiyyəti səfərbər etmək imkanı verir.

Lakin orta müddətdə risk artır. Əgər iqtisadi böhran dərinləşərsə, dövlət maaşları və subsidiyaları davamlı ödəyə bilməzsə, təhlükəsizlik elitasında parçalanma yaranarsa və yeni etiraz dalğası geniş sosial təbəqələri birləşdirərsə, vəziyyət kəskin dəyişə bilər. Deməli, rejimin zəifliyi küçədəki etirazların sayından daha çox elitanın birliyindən asılıdır. İranın böhranı Azərbaycan üçün xüsusilə həssas məsələdir. Birincisi, İran-Azərbaycan sərhədində istənilən hərbi eskalasiya birbaşa təhlükəsizlik riskidir. İkincisi, İranın nəqliyyat və enerji infrastrukturu ilə bağlı böhran regional logistika marşrutlarının əhəmiyyətini artırır. Bu şəraitdə Azərbaycan üzərindən keçən Şərq-Qərb və Şimal-Cənub bağlantılarının strateji əhəmiyyəti yüksələ bilər. Üçüncüsü, İran daxilində etnik və sosial narazılıqların necə inkişaf etməsi Bakı üçün xüsusi əhəmiyyət daşıyır. Lakin burada ehtiyatlı olmaq lazımdır: İran daxilindəki hər sosial narazılığı avtomatik olaraq etnik və ya separatçı proses kimi qiymətləndirmək analitik səhv olar. Dördüncüsü, İranın zəifləməsi avtomatik olaraq Azərbaycanın xeyrinə nəticə verməyə bilər. Hakimiyyət boşluğu, qaçqın axını, sərhəd təhlükəsizliyi problemləri, silahlı qrupların fəallaşması və regional güclərin müdaxiləsi Azərbaycan üçün yeni risklər yarada bilər.

İranın gələcəyini əslində bir sual müəyyənləşdirəcək: Tehran xarici müharibədən çıxmaq üçün daxildə siyasi və iqtisadi güzəştlərə gedəcək, yoxsa mövcud sistemin qorunmasını iqtisadi rifahdan üstün tutacaq? Cavab yalnız İranın öz gələcəyini deyil, Cənubi Qafqazın və bütün Yaxın Şərqin geosiyasi xəritəsini də müəyyənləşdirə bilər.

Natəvan Bəydili

Bizi izləyin və paylaşın