Deputat Könül Nurullayeva

STRATEJİ DÖVR: Azərbaycan–Almaniya əməkdaşlığında yeni mərhələ – Deputat Könül Nurullayevadan MÜHÜM TƏHLİL

Milli Məclisin deputatı Könül Nurullayeva Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin yekunlarını və ölkələrimiz arasındakı yeni strateji mənzərəni şərh edib.

ELAZ.İNFO xəbər verir ki, deputat Könül Nurullayeva öz məqaləsində Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafında yeni strateji istiqamətlər müəyyənləşdirdiyini bildirib.

Könül Nurullayeva qeyd edib ki, Berlində keçirilən görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər — xüsusilə “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” və “Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə” iki ölkə arasında əməkdaşlığın yalnız siyasi deyil, iqtisadi və institusional müstəvidə də keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini nümayiş etdirdi.

​Berlin görüşlərinin strateji mahiyyəti

Millət vəkili Könül Nurullayevanın sözlərinə görə, səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirdiyi görüşlərdə enerji təhlükəsizliyi, regional sabitlik, Orta Dəhlizin inkişafı, yaşıl enerji, investisiyalar və biznes əməkdaşlığı əsas müzakirə mövzuları oldu. Deputat vurğulayıb ki, Almaniya rəhbərliyi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu xüsusi qeyd edib, eyni zamanda Ermənistanla sülh prosesində əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirib.

Könül Nurullayeva diqqətə çatdırıb ki, Berlin səfərinin ən mühüm siyasi nəticəsi olan strateji gündəliyə dair Birgə Bəyannamə ölkələrimiz arasında münasibətlərin strateji xarakter aldığını rəsmiləşdirərək gələcək əməkdaşlığın yol xəritəsini müəyyənləşdirdi. Sənəd çərçivəsində müxtəlif istiqamətlər üzrə işçi qruplarının yaradılması və əməkdaşlığın sistemli əsaslarla inkişaf etdirilməsi nəzərdə tutulur.

​İqtisadi müstəvidə dönüş nöqtəsi: Biznes Şurası

Deputat Könül Nurullayeva əlavə edib ki, iqtisadi baxımdan səfərin əsas nailiyyətlərindən biri Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması oldu. K.Nurullayevanın fikrincə, bu yeni təsitat dövlət qurumları ilə özəl sektor arasında daimi dialoq platforması formalaşdıracaq, investisiya layihələrinin hazırlanmasına, biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsinə və iqtisadi əməkdaşlığın institusional əsaslarla inkişafına xidmət edəcək.

Məqaləsində Biznes Şurasının əhəmiyyətini təhlil edən Könül Nurullayeva bildirib ki, bu addım təsadüfi deyil:

​“Bu, Almaniyanın Azərbaycanın artan iqtisadi potensialına, geostrateji mövqeyinə və regional tranzit imkanlarına verdiyi yüksək qiymətin göstəricisidir. Şuranın fəaliyyət istiqamətləri sırasında dayanıqlı iqtisadi əməkdaşlığın təşviqi, investisiya imkanlarının müəyyənləşdirilməsi, texnologiya və bilik mübadiləsinin genişləndirilməsi, eləcə də biznes mühitinin daha da təkmilləşdirilməsi üçün birgə tövsiyələrin hazırlanması xüsusi yer tutur”.

Könül Nurullayeva xatırladıb ki, Prezident İlham Əliyev mətbuata bəyanatında iqtisadi əlaqələrin perspektivlərini xüsusi vurğulayıb. Dövlət başçısı Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişlənməsi üçün konkret təkliflərin irəli sürüldüyünü, qarşılıqlı investisiyaların artırılması istiqamətində mühüm razılaşmalar əldə olunduğunu diqqətə çatdırıb.

​”Yaşıl enerji” və geostrateji üstünlüklər

Enerji tərəfdaşlığına toxunan parlamentari Könül Nurullayeva qeyd edib ki, enerji əməkdaşlığı danışıqların əsas istiqamətlərindən biri idi. Prezident İlham Əliyev Azərbaycanın artıq Almaniyaya təbii qaz ixrac etdiyini, bununla da Azərbaycan qazının Avropa İttifaqının 10 üzv dövlətinə çatdırıldığını bildirib. Eyni zamanda, yaşıl enerji və hidrogen istehsalı sahəsində əməkdaşlıq perspektivləri də müzakirə edilib. Könül Nurullayeva xüsusi olaraq vurğulayıb ki, Almaniyanın alternativ enerji texnologiyalarında qabaqcıl təcrübəsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi “yaşıl enerji zonası” layihələri ilə yeni əməkdaşlıq imkanları yaradır.

Könül Nurullayeva nəqliyyat marşrutlarının önəmini də diqqətə çatdırıb:

Azərbaycanın geostrateji mövqeyi mühüm üstünlüklər yaradır. Orta Dəhlizin inkişafı, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutlarında Azərbaycanın artan rolu Almaniya şirkətlərinə Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər hövzəsi bazarlarına daha rahat çıxış imkanı verir. Bu baxımdan, görüşlərdə nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi diqqət mərkəzində olub.

Deputat Könül Nurullayevanın dəyərləndirməsinə görə, Berlində verilən bəyanatlar göstərdi ki, iki ölkə arasında formalaşan strateji gündəlik enerji sektoru ilə yanaşı sənaye, yüksək texnologiyalar, yaşıl enerji, rəqəmsallaşma, logistika, innovasiya, investisiyalar və regional nəqliyyat layihələrini əhatə edən geniş əməkdaşlıq platformasına çevrilir. Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, həm də mühüm investisiya və tranzit mərkəzi kimi Almaniyanın uzunmüddətli iqtisadi strategiyasında getdikcə daha vacib yer tutur. İmzalanmış sənədlər və yaradılan yeni mexanizmlər yaxın illərdə qarşılıqlı investisiyaların artmasına, qeyri-neft sektorunda əməkdaşlığın genişlənməsinə və Azərbaycan–Almaniya strateji tərəfdaşlığının daha da dərinləşməsinə möhkəm zəmin yaradır.

​Almaniyanın Cənubi Qafqaz sülhünə dəstəyi

Könül Nurullayeva məqaləsinin yekununda bildirib ki, Almaniyanın Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasına verdiyi dəstək də Berlində keçirilən görüşlərin əsas siyasi mesajlarından biri oldu. İstər Prezident Frank-Valter Ştayenmayer, istərsə də Federal Kansler Fridrix Merts Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışladı və Almaniyanın regionda davamlı sülhün möhkəmləndirilməsi istiqamətində bütün səylərini dəstəkləməyə hazır olduğunu bəyan etdi. K.Nurullayeva hesab edir ki, bu mövqe Almaniyanın Cənubi Qafqazda sabitliyi Avropanın təhlükəsizliyi və iqtisadi maraqları baxımından mühüm amil kimi qiymətləndirdiyini göstərir.

Deputat Könül Nurullayeva fikirlərini bu sözlərlə yekunlaşdırıb:

Almaniya hesab edir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması təkcə iki ölkə arasında uzun illər davam etmiş qarşıdurmaya son qoymayacaq, həm də Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin formalaşmasına şərait yaradacaq. Regionda dayanıqlı sülhün bərqərar olması nəqliyyat-kommunikasiya xətlərinin açılması, Orta Dəhlizin daha səmərəli fəaliyyəti, ticarət əlaqələrinin genişlənməsi və investisiya axınının artması üçün əlverişli zəmin yaradır. Bu isə həm Azərbaycan, həm Ermənistan, həm də Avropa ölkələri üçün yeni iqtisadi imkanlar deməkdir.

Könül Nurullayeva vurğulayıb ki, Prezident İlham Əliyev Berlində sülh sazişinin əldə olunmasından sonra Azərbaycanın praktiki əməkdaşlıq addımlarına başladığını və regionda qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində konkret təşəbbüslər irəli sürdüyünü bəyan edib. Bu yanaşma Almaniya tərəfindən müsbət qarşılanır və Berlin Azərbaycanın sülh gündəliyini regional sabitliyin təmin olunması baxımından mühüm amil kimi dəyərləndirir.

Müəllif: Könül NURULLAYEVA

Milli Məclisin deputatı

Bizi izləyin və paylaşın