Könül Nurullayeva qeyd edib ki, postmünaqişə dövründə bu mübarizə daha mürəkkəb xarakter alıb. Bu gün Azərbaycan haqqında qərəzli məlumatların yayılması, tarixi faktların təhrif edilməsi və ölkəmizə qarşı müxtəlif informasiya kampaniyalarının aparılması göstərir ki, media daim ayıq-sayıq olmalı, peşəkarlıq və məsuliyyət prinsiplərinə sadiq qalmalıdır.
Millət vəkili vurğulayıb ki, süni intellekt, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə medianın qarşısında yeni və daha mürəkkəb vəzifələr dayanır. Süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər, kiberhücumlar və informasiya manipulyasiyası jurnalistikanın fəaliyyətinə yeni risklər gətirib. Bu şəraitdə operativlik qədər dəqiqlik, xəbərin ilk verilməsi qədər onun doğruluğunun yoxlanılması da əsas peşə meyarına çevrilir. Media savadlılığının artırılması, faktların yoxlanılması mexanizmlərinin gücləndirilməsi və rəqəmsal təhlükəsizliyin təmin edilməsi bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir.
Könül Nurullayeva diqqətə çatdırıb ki, bu reallıqlar fonunda artıq 4-cü ildir keçirilən Şuşa Qlobal Forumu bir da vacib əhəmiyyət kəsb edir.
Deputatın sözlərinə görə, bu gün müasir media təkcə informasiya daşıyıcısı deyil, həm də ictimai etimadın, dövlət təhlükəsizliyinin və beynəlxalq kommunikasiyanın mühüm elementidir.
Könül Nurullayeva əlavə edib ki, bu gün Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdən biri peşəkarlıq, obyektivlik və dövlətçilik prinsiplərini qorumaqdır. Saxta xəbərlərin qlobal miqyas aldığı, informasiya manipulyasiyalarının geniş yayıldığı şəraitdə cəmiyyətin etibarlı informasiya ilə təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Milli media həm vətəndaşların düzgün məlumat almaq hüququnu təmin etməli, həm də ölkənin milli maraqlarını beynəlxalq informasiya məkanında layiqincə müdafiə etməlidir.
Məqaləsində beynəlxalq ikili standartlara toxunan K.Nurullayeva bildirib ki, bir reallıq da var ki, xüsusilə beynəlxalq münasibətlərdə bəzi media resurslarının hadisələrə selektiv yanaşması, ikili standartlardan çıxış etməsi və təsdiqlənməmiş məlumatları tirajlaması ictimai rəyin qəsdən yönləndirilməsi məqsədi daşıyır. Belə yanaşma jurnalistikanın mahiyyətinə zidd olmaqla yanaşı, media institutuna olan etimadı da sarsıdır. Mətbuatın hər hansı siyasi mərkəzin, lobbi qrupunun və ya maraq dairəsinin təsir vasitəsinə çevrilməsi cəmiyyətə xidmət edən müstəqil jurnalistika prinsipləri ilə uzlaşmır. Təəssüf ki, Azərbaycana münasibətdə də zaman-zaman belə yanaşmaların şahidi oluruq. Bəzi xarici media orqanları, eləcə də “milli” blogerlər tərəfindən müxtəlif platformalarda ölkəmizlə bağlı hadisələrin birtərəfli təqdim edilməsi, faktların kontekstdən çıxarılması peşəkar jurnalistikanın deyil, informasiya manipulyasiyasının əlamətidir. Tənqid və obyektiv araşdırma jurnalistikanın ayrılmaz hissəsidir. Ancaq qərəzli yanaşma, dəqiqləşdirilməmiş məlumatların yayılması və siyasi məqsədlərə xidmət edən informasiya kampaniyaları media etikasına da ziddir.
Könül Nurullayeva sonda yekunlaşdırıb ki, Azərbaycan milli mətbuatı tarix boyu olduğu kimi, bu gün də dövlətçilik maraqlarını əsas prioritet hesab edir və milli maraqları hər cür şəxsi və ya qrup maraqlarından üstün tutur. Azərbaycan jurnalistikasının çoxəsrlik ənənəsi göstərir ki, milli mətbuatımız ən çətin sınaqlardan belə peşəkarlıq və məsuliyyətlə çıxmağı bacarıb.
Müəllif: Könül NURULLAYEVA
Milli Məclisin deputatı


