Konstitusiya Məhkəməsinin hakimi də ƏƏSMN-dən narazıdır

Konstitusiya Məhkəməsinin hakimi də ƏƏSMN-dən narazıdır

ELAZ.İNFO xəbər verir ki,Ali Məhkəmənin sabiq hakimi, hazırda Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifəsində çalışan Tahir Kazımov ona hakim kimi əmək pensiyasının təyin edilməsi üçün məhkəməyə müraciət edib. İşdə cavabdeh kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilib.

Ali Məhkəməyə qədər gedən işdə dövlət qurumu sabiq hakimin pensiya iddasından imtina edib. İmtina məktubunda qeyd olunub ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı iş stajı olan şəxsə münasibətdə təyin edilir. Tahir Kazımovun Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə isə onun hakim kimi iş stajı 15 ildən az, yəni, 8 il 2 ay 16 gün göstərilib. Bu səbəbdən də, ona sabiq hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmayıb.

Tahir Kazımov hakim vəzifəsindəki fəaliyyətinin 2020-ci ilin iyul ayından 2025-ci ilin iyun ayınadək dövrünü əhatə edən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta aylıq məbləğini əsas götürərək ona hakim pensiyası təyin edilməsi öhdəliyinin Mərkəzi Filiala həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edib. O, iddiasında qeyd edib ki, onun prokurorluq orqanlarında və Ali Məhkəmədə şöbə müdiri işlədiyi dövrlər, hakimlik stajına hesablanmalıdır. Bu müddət isə ümumilikdə 43 il 11 ay 17 gün təşkil edir. Tahir Kazımov bildirib ki, onun həm prokurorluq işçisi kimi, həm də, hakim kimi pensiya almaq hüququ var və o, hakim pensiyası almaq hüququnu seçir.

Bakı İnzibati Məhkəməsi iddia tələbini təmin edərək, Tahir Kazımovun hakim vəzifəsindəki fəaliyyətinin 2020-ci ilin iyul ayından 2025-ci ilin iyun ayınadək (iyun ayı da daxil olmaqla) dövrünü əhatə edən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta məbləği əsas götürülərək ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilib.

Birinci instansiya məhkəməsi qeyd edib ki, Tahir Kazımov 2017-ci il tarixdə, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişiklik və əlavələr qüvvəyə minənə qədər hakim vəzifəsinə təyin olunub və 2025-ci ilə qədər hakim kimi fəaliyyət göstərib. Belə olan halda, 5 ildən artıq hakim kimi fəaliyyət göstərdiyinə görə, o, artıq həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, hakim kimi pensiya təyin edilməsi üçün lazım olan hakimlik stajını qazanıb. Bu hal ona 65 yaşı tamam olan vaxtdan hakim kimi əmək pensiyası təyin edilməsi üçün əsasdır. Həmçinin hesab edilib ki, iddiaçı xüsusi qaydada hakim vəzifəsinə təyin edilmiş şəxsdir və hazırki Qərarın 18-ci bəndində qeyd edilən qanunvericiliyin normalarına əsasən yüksək hakim vəzifəsinə təyin edilmiş hakim kimi hüquqşünas ixtisası üzrə dövlət orqanında iş stajı onun hakimlik stajına hesablanmalıdır.

ƏƏSMN-nin müvafiq qurumu məhkəmə qərarından apellyasiya şikayəti verib. Apellyasiya instansiyası isə məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşıb və əlavə olaraq qeyd edib ki, qanunvericilik hər iki halda istər yüksək hakim vəzifəsinə müvafiq qaydada təyin edilmiş şəxsin dövlət orqanlarındakı hüquqşunas kimi iş stajını, istərsə də prokurorluq orqanlarındakı iş stajını hakimlik stajına hesablanmasına nəzərə alıb. Ali Məhkəmə Kollegiyası da cavabdehin dəlillərini əsassız sayaraq qeyd edib ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-4-cü maddəsi hakimlik stajının hesablanması üçün xüsusi hüquqirejim yaradır.

Vəkil Nurlan

Bizi izləyin və paylaşın