Deputat Könül Nurullayeva

“AŞPA obyektivlik, bərabərlik və qərəzsizlik prinsiplərinə sadiq qalmalıdır” – Deputat Könül Nurullayeva

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı yürütdüyü ikili standartlar siyasəti və selektiv yanaşma ölkə ictimaiyyəti və siyasi dairələri tərəfindən qətiyyətlə pislənilir. Cənubi Qafqazda bərpa olunan yeni geosiyasi reallıqlar fonunda beynəlxalq təşkilatların regiona obyektiv baxışı vacib şərtlərdən biri kimi çıxış edir.

ELAZ.İNFO xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva AŞPA-nın rəsmi Bakıya qarşı tutduğu qərəzli mövqeyi və Avropa Şurası ilə münasibətlərdə yaradılmış mövcud vəziyyəti dəyərləndirib. Milli Məclisin deputatı Könül Nurullayeva bildirib ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı ikili standartlar siyasəti heç bir halda qəbul oluna bilməz:

“IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin Avropa Şurası ilə bağlı səsləndirdiyi fikirlər də Azərbaycanın bu təşkilatla münasibətlərində yaranmış vəziyyətə verilən ən açıq siyasi qiymətləndirmələrdən biri idi. Dövlət başçımız da bildirdi ki, əgər Azərbaycan gələcəkdə Avropa Şurasından tam şəkildə çıxmaq qərarı versə, bunun ölkə daxilində ciddi təsiri olmayacaq”.

Tarixə nəzər salan millət vəkili xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvü kimi təşkilatın fəaliyyətində iştirak edib. Bu müddət ərzində hüquqi islahatlar, insan hüquqları və demokratik institutların inkişafı istiqamətində müxtəlif əməkdaşlıq proqramları həyata keçirilib. Bununla belə, uzun illərdir AŞPA Azərbaycana münasibətdə selektiv yanaşma nümayiş etdirir. Xüsusilə Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə Assambleyanın münaqişənin həlli istiqamətində prinsipial mövqe sərgiləməməsi ikili standartların əyani təzahürü idi. Könül Nurullayeva vurğulayıb ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququndan məhrum edilməsi insan hüquqları ilə deyil, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsindən sonra qəbul edilmiş siyasi qərar idi. Dövlət başçısının sözlərinə görə, əgər məsələ doğrudan da insan hüquqları ilə bağlı olsaydı, bu addım daha əvvəl atılardı. Bu qərəzli qərar faktiki Azərbaycana qarşı “cəzalandırma” siyasəti idi.

Bu qərardan sonra Azərbaycan nümayəndə heyətinin Assambleyanın işində iştirakını dayandırmasının rəsmi Bakının prinsipial mövqeyinin göstericisi olduğunu bildirən deputat, səsvermə hüququ olmayan nümayəndə heyətinin Assambleyada iştirakının siyasi məna daşımadığını diqqətə çatdırıb. Deputat Könül Nurullayeva AŞPA daxilində ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarına da toxunub:

“Son illərdə AŞPA daxilində ölkəmizə qarşı qarayaxma kampaniyalarının intensivləşməsində bəzi üzdəniraq parlamentarilərin xüsusi rolu var. Bu kontekstdə tez-tez adı çəkilən şəxslərdən biri də almaniyalı deputat Frank Şvabedir. O, mütəmadi olaraq Azərbaycana münasibətdə qərəzli mövqe nümayiş etdirir. Şvabenin insan hüquqları, iqlim siyasəti və beynəlxalq münasibətlərlə bağlı səsləndirdiyi prinsiplərlə müxtəlif dövrlərdə nümayiş etdirdiyi siyasi mövqelər arasında uyğunsuzluqlar mövcuddur. Xüsusilə COP29 ərəfəsində onun Azərbaycanın ev sahibliyinə yönəlmiş tənqidləri siyasi kampaniyanın tərkib hissəsi idi”.

Deputat həmçinin əlavə edib ki, Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıq beynəlxalq təşkilatların fəaliyyətinə də yeni yanaşma tələb edir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi, regionda həyata keçirilən nəqliyyat və enerji layihələri, eləcə də Avropanın enerji təhlükəsizliyində ölkənin artan rolu beynəlxalq institutlar tərəfindən nəzərə alınmalıdır. Bu baxımdan, rəsmi Bakı haqlı olaraq hesab edir ki, beynəlxalq təşkilatlar siyasi yanaşmalardan deyil, beynəlxalq hüququn prinsiplərindən çıxış etməli və regionda formalaşmış yeni vəziyyəti obyektiv qiymətləndirməlidirlər.

“Azərbaycan Avropa Şurası ilə münasibətlərinin gələcək formatını yenidən nəzərdən keçirir. Münasibətlərin bundan sonrakı inkişafı ilk növbədə Avropa Şurasının üzv dövlətlərə münasibətdə obyektivlik, bərabərlik və qərəzsizlik prinsiplərinə nə dərəcədə sadiq qalacağından asılı olacaq. Qarşılıqlı etimadın bərpası yalnız bütün tərəflərə eyni hüquqi meyarların tətbiq edilməsi və siyasi selektivliyə yol verilməməsi şəraitində mümkün ola bilər”.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın