Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müraciətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
ELAZ.İNFO xəbər verir ki, qəbul cədvəlinə uyğun olaraq kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyulun 20-də Kəlbəcərdə Laçın və Kəlbəcər rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən aşağıdakı məsələlərlə bağlı olub: İşlə təmin olunma; İşğaldan azad edilmiş ərazilərdə torpaq sahələrinin icarəyə verilməsi; Heyvandarlıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərə köçürülməsi; Kənd təsərrüfatı təyinatlı kreditlərin ayrılması və subsidiyaların verilməsi; Baytarlıq xidmətləri, suvarma və digər aqrar məsələlər.
Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Görüş zamanı vətəndaşlara “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsəd və prioritetləri barədə də geniş məlumat verilib.
Aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Dövlət başçısının imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və sahənin inkişafına böyük təkan verəcəyi vurğulanıb.
Ruslan MƏMMƏDOV


