Salyanda şəhidlərin xatirəsinə həsr olunmuş futbol turnirinin açılışı oldu

Salyanda şəhidlərin xatirəsinə həsr olunmuş futbol turnirinin açılışı oldu

Salyan şəhərində Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etmək və gənclər arasında vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə idman yarışı start götürüb.

ELAZ.İNFO xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyətinin, Salyan şəhər bələdiyyəsinin və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının birgə təşkilatçılığı, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə Salyan şəhərinin 20 Yanvar küçəsində yerləşən “Dəmiryolçu” stadionunda Salyan şəhidlərinin əziz xatirəsinə həsr edilmiş futbol üzrə rayon turnirinin açılış mərasimi keçirilib. Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhərrəm Məmmədov, YAP rayon təşkilatının sədr müavini Aqşin Babayev, regional idarənin Salyan üzrə gənclər və idman sektorunun müdiri Elmar Əbilov, Salyan bələdiyyəsinin sədri Telman Ağabəyov, Qarabağ qazisi Zamiq Əsgərov, Vətən Müharibəsi Şəhidi kapitan Kamil Şirinovun atası Əliş Şirinov, şəhid Hüseynağa Balıyevin atası Salman Balıyev, 24 saylı rels qaynaqlama idarəsinin rəisi İlqar Əliyev və digərləri çıxış ediblər.

Çıxışçılar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədən, Azərbaycan gəncliyinin bu tarixi zəfərdəki müstəsna rolundan danışıblar. Vurğulanıb ki, bu cür idman yarışlarının keçirilməsi gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsində böyük əhəmiyyət kəsb edir. Rəsmi hissədən sonra turnirə start verilib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın