Qışda motoru qızdırmaq qaydaları - ELAZ.İNFO

Avtomobilini kilidləməyi unutdu.Qəribə oğurluq hadisəsi

Avtomobil sahiblərinin bəzən etdiyi kiçik bir diqqətsizlik böyük maddi itkilərə yol aça bilir. Ekspertlər hər zaman xəbərdarlıq edirlər ki, nəqliyyat vasitəsini hətta bir neçə dəqiqəlik tərk etdikdə belə, təhlükəsizlik qaydalarına əməl olunmalı, qiymətli əşyalar və pullar görünən yerlərdə saxlanılmamalıdır. Moskvada baş verən növbəti hadisə də bu növ etinasızlığın acı nəticəsini bir daha sübut edib.

ELAZ.İNFO xəbər verir ki, Moskvada Vernadski prospektində 28 yaşlı sürücü siqnalizasiya sistemi olmayan xarici markalı avtomobilini park edərkən qapılarını kilidləməyi unudub. Bir müddətdən sonra geri qayıdan sürücü maşının əlcək qutusundan (bardaçok) 265 min rubl (təxminən 5000 manatdan çox) pulun oğurlandığını aşkar edib və dərhal polisə müraciət edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidəki təhlükəsizlik kameralarının qeydlərini araşdıraraq oğrunun şəxsiyyətini qısa müddətdə müəyyən edə biliblər. Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsindən verilən məlumata görə, cinayəti törədən şəxs əvvəllər məhkum olunmuş 42 yaşlı gəlmə vətəndaş olub.

Məlum olub ki, həmin şəxs fürsət gözləyirmiş: o, sürücünün bir dəstə pulu salona qoyub maşını kilidləmədən uzaqlaşdığını görüb. Fürsətdən istifadə edən cinayətkar qapını rahatca açaraq pulları götürüb və hadisə yerindən qaçıb. Saxlanılan şəxs pulları artıq xərclədiyini etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, şübhəli şəxsi 6 ilə qədər həbs cəzası gözləyir. Hazırda onun barəsində ölkədən çıxmamaq barədə iltizam qətimkan tədbiri seçilib. Hüquq-mühafizə orqanları vətəndaşları bir daha diqqətli olmağa və avtomobildən qısa müddətə düşsələr belə, qapıları mütləq kilidləməyə çağırıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın