ELAZ.İNFO xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Gürcüstanın Marneuli şəhərində yerləşən büstü yenidən bərpa olunub.
Bərpa işlərinin tamamlanmasından sonra abidənin açılış mərasimi 13 avqustda keçirilib. Büst Marneulidə N.Nərimanov və N.Gəncəvi küçələrinin kəsişməsində yerləşir.
Nizami Gəncəvinin yaradıcılığının və irsinin yaşadılması baxımından mühüm məkanlardan biri olan büstün yenilənməsi şəhərdə Azərbaycan mədəni irsinin qorunması istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilir.
Marneuli Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı şəhərlərdən biridir. Nizami Gəncəvi kimi Azərbaycan ədəbiyyatının dünya miqyaslı nümayəndəsinin büstünün burada yerləşməsi şairin yaradıcılığının bölgədə tanıdılması baxımından da diqqət çəkir.
Qeyd edək ki, Nizami Gəncəvi XII əsr Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri olmaqla yanaşı, dünya ədəbiyyatında da özünəməxsus yeri olan şair və mütəfəkkirdir.
İlahə BAYINDIR


