ELAZ.İNFO xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) internet və sosial şəbəkələr üzərindən həyata keçirilən onlayn alış-veriş zamanı vətəndaşların qarşılaşa biləcəyi kiberfırıldaqçılıq halları ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.
Nazirliyin məlumatına görə, aparılan maarifləndirmə işlərinə və əvvəlki xəbərdarlıqlara baxmayaraq, internet üzərindən dələduzluq halları hələ də davam edir.
Məlumata əsasən, kibercinayətkarlar sosial şəbəkələrdə və müxtəlif internet platformalarında saxta satış səhifələri yaradırlar. Bu səhifələrdə məhsullar bəzən bazar qiymətindən xeyli aşağı məbləğə təqdim olunur. Alıcı ödənişi etdikdən sonra isə satıcı ilə əlaqə kəsilir, telefon nömrəsi və sosial şəbəkə hesabları bloklanır.
DİN bildirir ki, belə hallarda vətəndaş yalnız aldığı məhsul üçün ödədiyi pulu itirməklə kifayətlənməyə bilər. Ehtiyatsızlıq nəticəsində bank kartı və digər şəxsi məlumatların üçüncü şəxslərin əlinə keçməsi daha ciddi maliyyə itkisinə səbəb ola bilər.
Saxta satış səhifələrinə diqqət
Nazirlik vətəndaşlara internetdə qarşılaşdıqları satış elanlarını əvvəlcədən araşdırmağı tövsiyə edir.
Məhsul sifariş etməzdən əvvəl satıcının kimliyi, əlaqə vasitələri və satış səhifəsinin etibarlılığı yoxlanılmalıdır. Səhifənin çoxsaylı izləyicisinin, fotoşəkillərinin və müsbət rəylərinin olması isə onun həqiqi və etibarlı olduğuna zəmanət vermir. Saxta hesablar və saxta rəylər də yaradıla bilər.
Xüsusilə əvvəlcədən ödəniş tələb edən təkliflərə ehtiyatla yanaşmaq tövsiyə olunur.
Bank kartının məlumatlarını heç kimə verməyin
DİN vətəndaşlara bank kartının məxfi məlumatlarını, CVV/CVC kodunu və SMS vasitəsilə göndərilən təsdiq kodlarını digər şəxslərlə paylaşmamağı tövsiyə edir.
Belə məlumatların satıcı tərəfindən tələb olunması normal onlayn alış-veriş üçün əsas şərt hesab edilmir.
Dələduzluqla üzləşənlər nə etməlidir?
DİN bildirir ki, vətəndaşlar aldadıldıqları halda məbləğin az olduğunu düşünərək hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməkdən çəkinməməlidirlər.
Belə vəziyyət yaranarsa, yazışmalar, ödəniş qəbzləri, telefon nömrələri, sosial şəbəkə hesabları və digər sübutlar silinməməlidir.
Vətəndaşlar dərhal “102” xidmətinə və ya Daxili İşlər Nazirliyinin rəsmi sosial media hesabları vasitəsilə müraciət edə bilərlər.
DİN yanında İctimai Şura da vətəndaşları onlayn alış-veriş zamanı diqqətli olmağa çağırıb.
Qeyd olunub ki, internetdə həddindən artıq sərfəli görünən təkliflərə qarşı xüsusilə ehtiyatlı olmaq, əmin olunmayan halda isə ödəniş etməmək vacibdir.
elaz.info


