Razi Nurullayev

Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil

Yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr və sürücülük hüququnu məhdudlaşdıran cərimə balları cəmiyyətdə mütəmadi olaraq müzakirə edilən ən aktual mövzulardan biridir. Hazırkı ballıq sisteminin sürücülərin sosial vəziyyətinə təsiri qanunverici orqanda da fərqli yanaşmalarla gündəmə gətirilir.

ELAZ.İNFO xəbər verir ki, Milli Məclisin deputatı Razi Nurullayev yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimə və ballarla bağlı mövcud vəziyyətə münasibət bildirib. Deputat vurğulayıb ki, cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil, yol-nəqliyyat hadisələrinin və insan itkilərinin qarşısını almaqdır.

Bununla yanaşı, millət vəkili mövcud cərimə balı sisteminin yenidən nəzərdən keçirilməsinin bir sosial sifariş olduğunu qeyd edib: “Hazırda tətbiq olunan 20 ballıq limitin 30-40 bala qədər artırılması və ya ictimai təhlükəsizliyi nisbətən aşağı olan bəzi inzibati xətalara görə cərimə ballarının ləğv edilməsi müzakirə predmeti ola bilər”.

Razi Nurullayev əsas prinsipin yol hərəkəti təhlükəsizliyinin qorunması olduğunu və insan həyatını riskə atan kobud qayda pozuntularına görə məsuliyyətdən qaçmağın qeyri-mümkünlüyünü diqqətə çatdırıb. O, qanunvericilikdə hər hansı bir dəyişiklik ediləcəyi təqdirdə, bunun yalnız ümumi təhlükəsizliyə xələl gətirməyəcək istiqamətlərdə həyata keçiriləcəyini ehtimal etdiyini bildirib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın