Rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda yetkinlik yaşına çatmayanların kibercinayətkarlıqdan və maliyyə fırıldaqçılarından qorunması məsələsi qlobal miqyasda qanunvericilik səviyyəsində mühüm islahatların aparılmasını şərtləndirir. Xüsusilə yeniyetmələrin fırıldaqçılıq sxemlərinə cəlb olunmasının qarşısının alınması üçün bank nəzarətinin gücləndirilməsi diqqət mərkəzindədir.
ELAZ.İNFO xəbər verir ki, iyulun 1-dən etibarən valideynlər və uşaqların qanuni nümayəndələri onların hesabları və əmanətləri üzrə çıxarışları əldə edə biləcəklər. Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib. Dövlət Dumasının rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunur ki, bu tədbir yetkinlik yaşına çatmayanların maliyyə əməliyyatlarını izləməyə və onları kiberfırıldaqçılardan, eləcə də yeniyetmələri qanunsuz fəaliyyətə cəlb etməyə çalışan şəxslərdən qorumağa imkan verəcək. Spiker xatırladıb ki, son 1,5 il ərzində rəqəmsal cinayətkarlıqla mübarizəyə yönəlmiş 13 qanun qəbul edilib və onlardan ikisi kompleks xarakter daşıyır.
“Bir çox normalar artıq qüvvədədir və öz bəhrəsini verir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ‘dropperlik’ (pul vəsaitlərinin nağdlaşdırılması üçün bank hesablarının fırıldaqçılara ötürülməsi) kimi bir fenomen faktiki olaraq yox olmaq dərəcəsinə çatıb. Buna görə ciddi cinayət məsuliyyəti nəzərdə tutulur”, – deyə Volodin vurğulayıb. O qeyd edib ki, yeniyetmələr “asan qazanc” müqabilində öz hesablarını fırıldaqçılara təqdim etməklə ən çox bu növ cinayətlərin şərikli icraçısına çevrilirdilər.
Bununla belə, Duma sədrinin sözlərinə görə, hüquqi tətbiq təcrübəsini daim təhlil etmək və vəziyyətdən asılı olaraq hüquq normalarını təkmilləşdirmək lazımdır: “Texnologiyalar inkişaf edir, bədxahlar onlardan istifadə edərək yeni cinayət sxemləri düşünürlər. Ona görə də vətəndaşlarımızın kibercinayətkarlıqdan qanunvericilik səviyyəsində qorunması məsələsinə hələ yenidən qayıdacağıq”. O, hazırda Dövlət Dumasında bu istiqamətdə daha üç qanun layihəsinə baxıldığını əlavə edib.
Ruslan MƏMMƏDOV


