Azərbaycanda peşə təhsilinin nüfuzunun artırılması, gənclərin müasir əmək bazarının tələblərinə uyğun ixtisaslara yiyələnməsi və yüksək ixtisaslı kadr potensialının formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Regionlarda fəaliyyət göstərən peşə təhsili müəssisələri rəqəmsal dövrün ən çox tələb olunan sahələri üzrə mütəxəssislər yetişdirməyə davam edir.
ELAZ.İNFO xəbər verir ki, Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyində 2025–2026-cı tədris ili üzrə növbəti Dövlət buraxılış–ixtisas imtahanı uğurla keçirilmişdir. Liseydə “Sistem və şəbəkə xidməti üzrə texnik” ixtisası üzrə təhsil alan 1 illik qrupun tələbələri buraxılış imtahanını müvəffəqiyyətlə başa vuraraq məzun adını qazanıblar.
Dövlət Attestasiya Komissiyasının iştirakı ilə təşkil olunan imtahan prosesi tam şəffaf, obyektiv və yüksək məsuliyyətlə həyata keçirilmişdir. İmtahan zamanı tələbələr həm bir il ərzində qazandıqları nəzəri bilikləri, həm də informasiya texnologiyaları və şəbəkə xidmətləri üzrə əldə etdikləri praktiki bacarıqları komissiya üzvləri qarşısında yüksək səviyyədə nümayiş etdiriblər.
Məzunların göstərdiyi yüksək hazırlıq səviyyəsi pedaqoji heyət tərəfindən də rəğbətlə qarşılanıb. Liseyin müəllimləri imtahanın nəticələrindən olduqca razı qaldıqlarını bildiriblər. Tələbələr isə öz növbəsində peşə təhsilinin, xüsusən də rəqəmsal texnologiyalar üzrə bu ixtisas qrupunun müasir cəmiyyətdə və gələcək fərdi həyatlarında böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıblar. Bu imtahanla liseydə 2025–2026-cı tədris ili üzrə Dövlət buraxılış–ixtisas imtahanları uğurla yekunlaşmışdır.
Qeyd edək ki, təhsil müəssisəsinin adını qürurla daşıdığı Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılov da vaxtilə məhz bu məktəbin məzunu olmuşdur. Şəhidimizin keçdiyi şərəfli yol hər zaman liseyin müəllim və tələbə heyəti üçün ən böyük örnəkdir. İmtahanın sonunda müəllim heyəti və tələbələr daxil olmaqla xatirə şəkilləri çəkdirilib, gənc mütəxəssislərə gələcək iş və təhsil həyatlarında yeni-yüzi uğurlar arzulanıb.
Ruslan MƏMMƏDOV


