Ukraynanın Bərpası Konfransı (URC 2026) start götürdü

Qlobal miqyasda hərbi münaqişələrin fəsadlarının aradan qaldırılması, dağılmış regionların yenidən qurulması və dinc əhalinin normal həyata qaytarılması istiqamətində beynəlxalq platformaların fəaliyyəti genişlənir. Bu xüsusda, tərəfdaş ölkələrin, regional qurumların və yerli icmaların koordinasiyalı şəkildə fəaliyyət göstərməsi bərpa prosesinin səmərəliliyini təmin edən əsas amillərdən biri kimi çıxış edir.

ELAZ.İNFO xəbər verir ki, Ukraynanın Yenidən Qurulması naminə Avropa Şəhərlər və Regionlar Alyansının iclası ilə #UkraineRecoveryConference (URC 2026) konfransına əlamətdar start verilib. Keçirilən yüksək səviyyəli görüşlərdə tərəfdaşlıq əlaqələri, regional inkişaf və Ukraynanın gələcək perspektivləri barədə mühüm strateji müzakirələrə başlanılıb.

Konfrans çərçivəsində regional idarəetmə orqanlarının təmsilçiləri arasında mühüm ikitərəfli təmaslar reallaşıb. Avropa Regionlar Komitəsinin nümayəndəsi, Bremen Bürqerşaftının (Bremen Parlamenti) prezidenti Antye Qroteer (Antje Grotheer) ilə keçirilən görüş xüsusilə diqqət çəkib. Avropalı rəsmilərin Ukrayna icmalarına və regionlarına göstərdiyi güclü dəstək, uzunmüddətli təsirə malik yeni əməkdaşlıq imkanlarının yaradılmasına zəmin hazırlayır.

Ekspertlər və konfrans iştirakçıları bəyan ediblər ki, Ukraynanın tam bərpası möhkəm tərəfdaşlıq münasibətlərinə, birgə məsuliyyətə və vahid gələcək baxışına əsaslanır. Hazırda yenidənqurma prosesi sadəcə infrastrukturun – yolların, binaların bərpası ilə məhdudlaşmır. Bu gün ən böyük prioritet hərbi əməliyyatlardan zərər çəkmiş insanların fiziki və psixi sağlamlığının bərpasıdır. Vurğulanıb ki, Ukraynanın gələcək bərpa uğurlarını, nəticə etibarilə, güclü yerli icmalar, davamlı liderlər və hüquqları təmin edilmiş vətəndaşlar müəyyən edəcək.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın