Avropalı fiziklər yumurta içərisindəki cücənin cinsini hələ o doğulmadan dəqiq müəyyən etməyə imkan verən qabaqcıl texnologiya hazırlayıblar. Lazer şüası, optik spektroskop və xüsusi alqoritmlə işləyən bu qeyri-invaziv üsul quşçuluq təsərrüfatlarında həm iqtisadi səmərəliliyi artıracaq, həm də mühüm etik problemləri həll edəcək.
ELAZ.İNFO xəbər verir ki, tədqiqatın nəticələri “Newton” elmi jurnalında dərc olunub. Problemin etik və iqtisadi tərəfi Böyük quşçuluq fabriklərində erkək cücələr yumurta verə bilmədikləri və artım sürətləri aşağı olduğu üçün adətən doğulandan dərhal sonra məhv edilir. Bu təcrübə dünyada kəskin etirazlara səbəb olur və bir çox ölkədə ekoloqlar bunun qadağan edilməsini tələb edir. Yeni texnologiya məhz bu “etik dilemma”nı aradan qaldırmağa hədəflənib.
Alimlər aşkar ediblər ki, yumurta qabığı işıq zərrəcikləri (fotonlar) üçün bir növ “tələ” rolunu oynayır. Görünən və infraqırmızı spektrdəki işıq qabığın içərisinə daxil olduqda, yumurta daxilində dəfələrlə əks olunaraq bütün təbəqələrdən keçir. Optik spektroskoplar vasitəsilə tutulan bu fotonlar sayəsində inkubasiyanın 8-ci günündə yumurtanın daxili üçölçülü (3D) xəritəsi qurulur. Bu xəritə vasitəsilə nəinki embrionun cinsi müəyyən edilir, həm də qan damarları, sarı və ağ hissələrinin inkişafı, hətta ayrı-ayrı toxumaların vəziyyəti izlənə bilir. Tədqiqatçılar qeyd edirlər ki, fotonların yumurta daxilində orta hesabla iki metr məsafə qət etməsi təbiət üçün olduqca yüksək göstəricidir. Ehtimal olunur ki, bu xüsusiyyət embrionu günəşin ultrabənövşəyi şüalarından qorumaq və ana quş yuvanı tərk etdikdə istilik itkisini azaltmaq funksiyasını daşıyır.
Bu kəşf quşçuluq sektorunda istehsal xərclərini azaltmaqla yanaşı, heyvan hüquqları ilə bağlı yaranan mübahisələrə də elmi bir həll yolu təqdim edir.
ELAZ.İNFO
