Döş xərçəngi və şəkərli diabetlə mübarizədə yeni ümid: Alimlər effektiv birləşmələr hazırlayıb

Omsk Dövlət Universitetinin və Rusiya Elmlər Akademiyasının tədqiqatçıları onkoloji xəstəliklər, şəkərli diabet və yüksək qan təzyiqi ilə mübarizədə yeni yanaşma təklif ediblər.

ELAZ.İNFO xəbər verir ki, tədqiqatçılar bir çox dərman preparatlarının tərkibində olan piridin-2-on törəmələrinin sintezi üçün yeni və effektiv metod hazırlayıblar. Rusiya Elm Fondunun qrantı ilə dəstəklənən bu layihə fundamental tibb sahəsində mühüm addım hesab olunur. Yeni sintez metodu 97-98%-ə qədər yüksək nəticə göstərir. Reaksiya şərtlərini dəyişməklə molekulların strukturunu yönləndirmək və onları konkret xüsusiyyətlərlə təchiz etmək mümkündür. BT474 insan süd vəzisi xərçəngi hüceyrə xəttində aparılan testlər nəticəsində məlum olub ki, sintez edilən maddələr şiş hüceyrələrinin həyat qabiliyyətini effektiv şəkildə məhdudlaşdırır.

Layihənin rəhbəri, dosent Vladislav Şuvalovun sözlərinə görə, bu tədqiqatlar gələcəkdə yeni nəsil dərman vasitələrinin dizaynı və hazırlanması üçün elmi baza rolunu oynayacaq.

Tədqiqat zamanı aparılan morfoloji analizlər sintez edilmiş maddələrin təsiri ilə xərçəng hüceyrələrinin məhv olduğunu təsdiqləyib. Bu kəşf həm onkologiya, həm də endokrinologiya sahəsində gələcək müalicə üsullarının təkmilləşdirilməsinə töhfə verə bilər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın