Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsinin başlanmasının 85-ci ildönümü ilə əlaqədar Moskvadakı Aleksandrov bağında yerləşən “Naməlum Əsgər”in məzarında keçiriləcək çələngqoyma mərasimində iştirak edəcək.
ELAZ.İNFO xəbər verir ki, dövlət başçısı çələngqoyma mərasimi ilə yanaşı, qəhrəman şəhərlərin xatirə lövhələrinə və “Hərbi şöhrət şəhəri” fəxri adına layiq görülmüş şəhərlərin şərəfinə ucaldılmış abidələrə də gül dəstələri qoyacaq.
Anım və Kədər Günü 22 iyun – müharibənin başlanma tarixi 2007-ci ildə Rusiya Federasiyasının anım tarixləri təqviminə daxil edilib. 2020-ci ildən etibarən isə hər il saat 12:15-də (Moskva vaxtı ilə) ölkə miqyasında “Ümumrusiya Sükut Dəqiqəsi” elan olunur. Məhz 1941-ci ildə həmin vaxt SSRİ xalq komissarı Vyaçeslav Molotov xalqa Almaniyanın hücumu barədə ilk rəsmi məlumatı vermişdi.
1941-ci il iyunun 22-də səhər saatlarında nasist Almaniyası heç bir müharibə elan etmədən SSRİ-yə hücum edib. Müharibənin ilk günündə minlərlə hərbçi və mülki şəxs həlak olub, 1200-dən çox təyyarə, tank və artilleriya qurğusu məhv edilib.
“Naməlum Əsgər”in məzarı 1966-cı ildə Moskva yaxınlığındakı qardaşlıq məzarlığından Aleksandrov bağına köçürülüb və bir il sonra mərkəzində “Əbədi məşəl” olan memorial açılıb. 1997-ci ildən etibarən isə burada daimi fəxri qarovul dəstəsi – “1 nömrəli post” xidmət göstərir.
Ruslan MƏMMƏDOV
