Cənubi Koreya rəhbərliyi ABŞ prezidenti Donald Trampa Şimali Koreyanın nüvə və raket təhdidləri ilə bağlı yeni strategiya təklif edib. Təklif nüvəsizləşdirmə prosesinin mərhələli şəkildə həyata keçirilməsini nəzərdə tutur.
ELAZ.İNFO xəbər verir ki, Cənubi Koreya Prezidenti Li Cae Myun dərhal və tam nüvəsizləşdirmə tələbi əvəzinə, daha praqmatik yanaşma təklif edib. Strategiyanın əsas məqsədi Şimali Koreyanın nüvə proqramını genişləndirməsinin qarşısını almaq, raket istehsalını dayandırmaq və silah-sursatın, eləcə də nüvə materiallarının xaricə ötürülməsinin qarşısını almaqdır.
Sadə dillə desək, rəsmi Seul hesab edir ki, təhdidi tamamilə ləğv etməzdən əvvəl, onu “dondurmaq” və nəzarətə götürmək lazımdır. İlkin məlumatlara görə, Donald Tramp bu təklifi “mümkün variantlardan biri” kimi qiymətləndirib və məsələni ətraflı nəzərdən keçirəcəyini bildirib.
Şimali Koreya buna razı olacaqmı? Beynəlxalq müşahidəçilər və analitiklər isə daha ehtiyatlı yanaşırlar. İllərdir nüvə arsenalını gücləndirən və bu proqramın “geri dönməz” olduğunu bəyan edən Pxenyanın bu təzyiqlər qarşısında hansı addımı atacağı böyük sual doğurur. Mütəxəssislərin fikrincə, Şimali Koreyanın illərlə formalaşdırdığı hərbi gücdən bu qədər asanlıqla imtina etməsi çətin görünür.
