ELAZ.İNFO xəbər verir ki, bu gün“Ekoloji təmiz dünya naminə İcmaların maariflənməsi və davamlılığının təşkili” layihəsi çərçivəsində “Məişət tullantılarının toplanması və çeşidlənməsi” mövzusunda növbəti təlim keçirilib.
Tədbirin əsas məqsədi əhali arasında ekoloji mədəniyyətin formalaşdırılması, tullantıların idarə olunması sahəsində bilik və bacarıqların artırılması, eləcə də ətraf mühitin qorunmasına ictimai dəstəyin gücləndirilməsi olub.
Tədbirdə iştirakçılara məişət tullantılarının ətraf mühitə təsiri, tullantıların növləri, onların mənbəyində çeşidlənməsinin əhəmiyyəti və təkrar emal prosesində rolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, tullantıların düzgün çeşidlənməsi təbii resursların qorunmasına, ətraf mühitin çirklənməsinin azalmasına və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına mühüm töhfə verir.
Maarifləndirmə sessiyasında iştirakçılara kağız, plastik, şüşə, metal və üzvi tullantıların ayrı-ayrı toplanması qaydaları izah olunub, gündəlik həyatda tullantıların azaldılması və təkrar istifadəsi istiqamətində praktik tövsiyələr təqdim edilib. Tədbir çərçivəsində mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Layihə rəhbərliyi çıxışında qeyd edib ki, ekoloji problemlərin həllində hər bir vətəndaşın məsuliyyətli davranışı mühüm əhəmiyyət kəsb edir. İcmaların maarifləndirilməsi və ekoloji təşəbbüslərə cəlb olunması təmiz və sağlam ətraf mühitin formalaşdırılmasının əsas şərtlərindən biridir.
“Ekoloji Təmiz Dünya Naminə İcmaların Maariflənməsi və Davamlılığının Təşkili” layihəsi ölkəmizdə ekoloji maarifləndirmənin gücləndirilməsi, tullantıların idarə olunması sahəsində ictimai iştirakçılığın artırılması və dayanıqlı ekoloji davranış vərdişlərinin formalaşdırılması məqsədilə həyata keçirilir.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.
Sevinc Qasımova


