Təbrizin pəncərəsindən dünyaya baxmaq.Bir Aşıq və Məşuq Nağılı

ELAZ.İNFO xəbər verir ki, Riza Qaraçayın Azərbaycan sevgisini bu dəfə mənzum formada ifadə edib.



Deyirlər hər insanın bir sevgisi var.
Bəzilərinin sevgisi bir insandır…
Bəzilərinin sevgisi bir şəhər…
Bəzilərinin sevgisi isə bir millətdir.
Mənim sevgim isə bunların hamısından böyükdür.
Mənim sevgim Güney Azərbaycandır.
Mən onu ilk dəfə xəritədə görmədim.
İlk dəfə tarix kitablarında tanımadım.
İlk dəfə siyasi çıxışlarda eşitmədim.
Mən onu anamın laylasında tanıdım.
Mən onu Təbrizin küləyində hiss etdim.
Səhənd dağının qarlı zirvələrində gördüm.
Urmu gölünün susuz qalan sahillərində ağladım.
Qaradağın meşələrində nəfəs aldım.
O gündən sonra mən Aşıq oldum.
Məşuq isə Güney Azərbaycan idi.
Bir gün dostum məndən soruşdu:
— Niyə bu qədər vurğunsan?
Dedim:
— Çünki mən sadəcə bir torpağı sevmirəm.
Mən min illərin xatirəsini sevirəm.
Babəkin qılıncını…
Səttarxanın ayaq səslərini…
Xiyabaninin üsyanını…
Minlərlə adsız qəhrəmanın qanını sevirəm.
Mən Təbrizin daş küçələrini sevirəm.
Çünki o küçələrdən millətimin ruhu keçir.
Mən dünyaya Təbrizin pəncərəsindən baxıram.
Dünyanın mərkəzi mənim üçün Vaşinqton deyil.
Moskva deyil.
London deyil.
Dünyanın mərkəzi Təbrizdir.
Çünki mənim qəlbim orada döyünür.
İnsan öz ürəyinin döyündüyü yeri dünyanın mərkəzi hesab etməzmi?
Mənim kainatımın günəşi Təbrizdən doğur.
Mənim xəyalımın üfüqləri Ərdəbildən başlayır.
Zəncan, Urmu, Xoy və Qaradağdan keçərək bütün dünyaya yayılır.
Aşiq olmaq asandır.
Lakin dəlicəsinə aşiq olmaq başqa şeydir.
Elə aşiq olmaq ki,
millətinin dərdi sənin dərdin olsun.
Torpağının yarası sənin yaran olsun.
Dilinə vurulan hər qadağa ürəyinə vurulan xəncər olsun.
Bax, əsl sevgi budur.
Mən Güney Azərbaycan Türk Millətinə belə aşiqəm.
Bir gün Məşuq Aşığa dedi:
— Əgər məni bu qədər sevirsənsə, mənim üçün nə verə bilərsən?
Aşıq gülümsədi.
Dedi:
— Vaxtımı verərəm.
— Daha nə?
— Gəncliyimi verərəm.
— Daha nə?
— Sərvətimi verərəm.
— Daha nə?
— Rahatlığımı verərəm.
Məşuq yenə soruşdu:
— Bəs son olaraq?
Aşıq başını qaldırdı və dedi:
— Lazım olsa ömrümü də verərəm.
Çünki bəzi sevgilər hesab kitab tanımır.
Bəzi sevgilər qurban istəyir.
Bəzi sevgilər insanı əbədiyyətə aparır.
Mənim üçün Güney Azərbaycan sadəcə bir coğrafiya deyil.
O mənim kimliyimdir.
O mənim keçmişimdir.
O mənim gələcəyimdir.
O mənim sevgilimdir.
Və mən bu sevgidən heç vaxt vaz keçməyəcəyəm.
Nə qədər ki Təbrizin üstündə günəş doğur,
nə qədər ki bir Güney Azərbaycan Türkü öz ana dilində danışır,
nə qədər ki millətimizin qəlbində azadlıq arzusu yaşayır,
bu sevda yaşayacaq.
Çünki bu adi bir sevda deyil.
Bu millət sevgisidir.
Bu vətən sevgisidir.
Bu azadlıq sevgisidir.
Və mən Güney Azərbaycan Türkü olmaqdan qürur duyuram.
Çünki mənim Məşuqum Güney Azərbaycandır.
Və mən ömrümün son nəfəsinə qədər onun Aşığı olaraq qalacağam.

Aydan

Bizi izləyin və paylaşın