Rusiyanın Belçikadakı səfiri Denis Qonçar bəyan edib ki, Avropa İttifaqı və NATO rəhbərləri öz qlobal hökmranlıqlarını qorumaq məqsədilə Avropanı böyük bir müharibəyə doğru aparırlar.
ELAZ.İNFO xəbər verir ki, səfir bu barədə Rusiya günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda çıxışı zamanı danışıb. Qonçar bildirib ki, Qərb ölkələri öz iqtisadiyyatlarına və vətəndaşlarının rifahına ziyan vurmaq bahasına sürətləndirilmiş şəkildə militarizasiya siyasəti yürüdürlər. Diplomat Avropa əhalisinin əhəmiyyətli bir hissəsinin hərbi relslərə keçidlə bağlı çətinliklərdən yorulduğunu və qarşıdurmanın davam etməsini istəmədiyini qeyd edib. Səfirin sözlərinə görə, dünyanın artıq çoxqütblülüyə doğru dəyişdiyi bir şəraitdə Qərbin öz hökmranlığını saxlamaq cəhdləri perspektivsizdir və çıxılmaz bir yoldur. Denis Qonçar vurğulayıb ki, Rusiyaya qarşı tətbiq edilən iqtisadi blokada və siyasi izolyasiya cəhdləri tamamilə uğursuzluqla nəticələnib. Brüsseldə keçirilən tədbirdə Rusiyanın, Belçikanın və MDB ölkələrinin diplomatları, ictimai xadimlər və jurnalistlər iştirak ediblər.
Ruslan MƏMMƏDOV
