İctimai diqqətin manipulyasiyası: Qalmaqallı “jurnalist” fenomeni və unudulan problemlər

Neçə gündür cəmiyyətdə ən geniş müzakirələrə səbəb olmuş problemlə bağlı öz baxışlarımı yazmaq məcburiyyətində qaldım. Ad çəkmədən də bu problemin kimin əli ilə yaradıldığını bilmək mümkündür. Nə qədər problemi kiminsə üzərinə yönəldib, fərdiləşdirməyin tərəfdarı olmasam da, müzakirələrdən doğan səbəblər bunu qaçılmaz edir. Peşəkarların meydandan sıxışdırılıb çıxarılması cəmiyyətdə başqa bir dərin problemin yaranmasına səbəb olur.

Bu işin “texnoloqları” da bilməlidir ki, bu münasibət cəmiyyətə müsbət heç nə qazandırmır.

Cəmiyyətdə sosial, iqtisadi və siyasi problemlər dərinləşdikcə bu məsələlərin açıq şəkildə müzakirəyə çıxması qaçılmaz olur. İnsanların gündəlik həyatına təsir edən çətinliklər ictimai narazılığı artırır və təbii olaraq həll yolları barədə kütləvi debatlara səbəb olur. Lakin məhz bu mərhələdə maraqlı bir tendensiya ortaya çıxır, əsas problemlərdən diqqəti yayındıran, cəmiyyətin həssas təbəqələrini hədəfə alan, etik və peşə standartlarını pozmaqdan çəkinməyən “jurnalist” fiquru qəfil gündəmə gətirilir.

Bu təsadüfi hadisə deyil. Zamanlama xüsusi diqqət çəkir, çünki problemlər haqqında müzakirələr intensivləşəndə emosional reaksiya doğura biləcək bir şəxs mediada və sosial platformalarda ön plana çıxır. Onun çıxışları adətən cəmiyyəti təhqir edən, müəyyən sosial qrupları aşağılamağa hesablanmış və qıcıq yaradan məzmun üzərində qurulur. Nəticədə ictimai diqqətin istiqaməti dəyişir. İnsanlar artıq həyatlarına təsir edən real problemləri deyil, həmin şəxsin dediklərini, onun kimə və niyə toxunduğunu müzakirə etməyə başlayır.

Beləliklə, gündəmin mərkəzi dəyişir. Əsas məsələlər arxa plana keçir, emosional polemika isə ön plana çıxır.

Bu proses informasiya manipulyasiyasının klassik texnologiyalarından biridir. Məqsəd problemin həllini sürətləndirmək yox, ictimai enerjini başqa istiqamətə yönəltməkdir. Cəmiyyətin narahatlığı konkret problemlər ətrafında birləşmək əvəzinə, süni şəkildə yaradılmış qarşıdurmalara parçalanır. Sosial şəbəkələrdə mübahisələr sərtləşir, insanlar tərəflərə bölünür, aqressiya artır. Bir qrup həmin şəxsi sərt tənqid edir, başqa bir qrup isə onu “fərqli fikir sahibi” kimi müdafiə etməyə başlayır. Nəticədə problem yox, qalmaqal əsas mövzuya çevrilir.

Burada başqa bir məqam da var, bu da peşəkar jurnalistikanın kənarda saxlanılmasıdır. Çünki peşəkar jurnalist fakt üzərində işləyir, sistemli araşdırma aparır, ictimai marağı qorumağa çalışır. Qalmaqal üzərindən önə çıxarılan fiqurlar isə tam əksinə, emosional partlayış yaradır və diqqəti struktur problemlərdən uzaqlaşdırır. Bu, təkcə jurnalistikanın keyfiyyətinin aşağı düşməsi deyil, həm də ictimai debatın mahiyyətinin dəyişdirilməsidir.

Məhz buna görə belə fiqurlar tez-tez eyni xüsusiyyətlərlə seçilir. Onlar etik normaları pozmaqdan çəkinmir, cəmiyyətin ağrılı nöqtələrinə toxunur, təhqir və qarşıdurmanı kommunikasiya üsuluna çevirirlər. Onların yaratdığı informasiya səs-küyü real problemləri görünməz edir. Cəmiyyət həll tələb edən məsələlər ətrafında birləşmək əvəzinə, süni gündəmin içində enerjisini itirir.

Bu texnologiyanın ən təhlükəli tərəfi də budur, insanlar özlərini ictimai prosesin mərkəzində hiss etsələr də, əslində diqqətləri əsas mövzudan uzaqlaşdırılır. Reaksiya verirlər, müzakirə aparırlar, paylaşırlar, amma nəticədə həll olunmalı məsələlər yenə də açıq qalır.

Sağlam ictimai müzakirə üçün emosional manipulyasiya ilə real tənqidi jurnalistikanı ayırd etmək vacibdir. Cəmiyyət diqqətini onu qıcıqlandıran fiqurun kimliyinə yox, həmin fiqurun hansı gündəmdə və nə üçün ortaya çıxarıldığına yönəldəndə informasiya manipulyasiyasının təsiri azalır. Əks halda, hər yeni problem dalğasında eyni ssenari təkrarlanır, əvvəl narazılıq böyüyür, sonra qalmaqal yaradılır, ardınca isə əsas məsələ yenidən kölgədə qalır.

Bu, sadəcə informasiya xaosu deyil. Bu, ictimai diqqətin idarə olunması texnologiyasıdır. Və onu tanımaq cəmiyyətin öz gündəmini qorumasının ilk şərtidir.

P.S. Bütün baş verənlərə dərindən diqqət edəndə hansı “jurnalist” “Nə dedi? Niyə dedi?” prizmasından uzaqlaşıb, bu mövzunun nədən ortaya atıldığına və kimlərin idarə etdiyinə baxmaq lazımdır. Necə deyərlər, alət dəyişib, amma adət dəyişməyib…

Rəsul MİRHƏŞİMLİ

Bizi izləyin və paylaşın