Moskva Dövlət Universitetinin (MDU) alim və tələbələrinin də daxil olduğu beynəlxalq tədqiqat qrupu unikal bir nailiyyətə imza atıb. Onlar genlərin aktivlik analizinin nəticələrinə əsasən insanın gözlənilən ömür müddətini və xəstəlik risklərini əvvəlcədən müəyyən edən “qocalma saatı” hazırlayıblar.
ELAZ.İNFO xəbər verir ki, bu mühüm elmi işin nəticələri nüfuzlu “Nature” jurnalında dərc olunub. Biologiya elmində “qocalma saatı” dedikdə, müəyyən biomarkerlərə, fiziki aktivliyə və ya xarici görünüşə əsasən orqanizmin yaşını təyin edən riyazi modellər nəzərdə tutulur. Lakin indiyə qədər mövcud olan analoji üsullar müxtəlif amillərin insanın və ya heyvanın ömür müddətinə təsirini dəqiq proqnozlaşdıra bilmirdi.
Alimlərin “tAge” adlandırdıqları yeni universal transkriptom saatı isə tamamilə fərqli bir parametrə — genlərin ekspressiya səviyyəsinə əsaslanır. Bu sistem cari anda hansı genlərin sönülü, hansıların isə aktiv olduğunu və onların işləmə intensivliyini təhlil edir. “tAge” saatının əsas kliniki üstünlükləri aşağıdakılardır:
Qurğu irimiqyaslı tibbi məlumat bazalarından istifadə edərək insanların ölüm vaxtını uğurla proqnozlaşdırıb. Modelin əsasını təşkil edən aparıcı genlərin kodlaşdırdığı zülal səviyyələrinin şəkərli diabet, ürək çatışmazlığı, hipertoniya (yüksək təzyiq) və depressiya riskləri ilə birbaşa bağlı olduğu müəyyən edilib. MDU-nun elmi işçisi Sergey Dmitriyevin sözlərinə görə, bu saat qocalmanı ləngidən preparatların (geroprotektorların) axtarışı prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək.
Yeni sistem 4 məməli növünə aid 25 müxtəlif toxuma və orqan növündən götürülmüş 11 mindən çox nümunə üzərində sınaqdan keçirilərək “öyrədilib”. Tədqiqatçılar bu saat vasitəsilə siçan embrionlarının inkişaf prosesini izləyərkən elmdə sensasiya doğuracaq bir faktı aşkar ediblər. Məlum olub ki, mayalanma anından bətn daxili inkişafın təxminən 10-cu gününə qədər dölün bioloji yaşı sürətlə azalır (gəncləşir), yalnız bu mərhələdən sonra yaş artmağa (qocalmağa) başlayır.
Alimlər bildirirlər ki, yeni yaranan embrionun yaşı heç də sıfıra bərabər deyil. Bioloji yaşın tamamilə sıfırlanması dölün daxilində bir neçə gün davam edən xüsusi, nəzarət olunan təbii gəncləşmə prosesi sayəsində baş verir. Tədqiqat qrupu ayrı-ayrı hüceyrə xətlərində (sinir, ürək və əzələ) qeydə alınan bu unikal bioloji hadisəni “bioloji yaşın əsl yenidən yüklənməsi” (restartı) adlandırıb.
Ruslan MƏMMƏDOV
