Çox sərt və avtoritar bir ata ilə böyümüş dünya şöhrətli yazıçı Frans Kafka bu ailə mühitinin təsiri altında formalaşmış, xüsusilə psixoloji baxımdan daim təzyiq və anlaşılmama hissi ilə yaşamışdır. Bu münasibət onun daxili dünyasında zəiflik, narahatlıq və təcridolunma hisslərinin dərinləşməsinə səbəb olmuşdur. Kafka 40 yaşına çatmamış ağır xəstəlikdən vəfat etmişdir. Qısa ömür sürməsinə baxmayaraq, onun əsərləri bu gün də oxucular tərəfindən maraqla qarşılanır, çünki insanlar həmin əsərlərdə çox vaxt öz həyatlarının və talelərinin əksini görürlər.
Kafka “Qəsr” romanında göstərir ki, insan təkcə xarici sistemlər tərəfindən deyil, həm də öz daxili düşüncələri və psixoloji vəziyyəti vasitəsilə məğlub ola bilər. Bu mənada insanın düşüncə tərzi həm ətraf mühitin, həm də daxili aləmin qarşılıqlı təsiri ilə formalaşır. Əsərdə qeyri-müəyyənlik və cavabsızlıq insanı çaşqınlıq və acizlik vəziyyətinə salan əsas amillər kimi təqdim olunur. Belə şəraitdə insanın özünə inamını itirməsi onun fəaliyyət imkanlarını məhdudlaşdırır və passiv mövqeyə sürükləyir.
Deməli, insan qeyri-müəyyənlik və çətinliklər qarşısında passiv mövqe tutmamalı, daim araşdırmalı, sual verməli və öz düşüncə gücünü qoruyub saxlamalıdır. Çünki ən böyük məğlubiyyət insanın öz daxilində yaranan inamsızlıq və passivlikdən başlayır.
Əlövsət ALLAHVERDİYEV
Hüquqşünas
