-“ABŞ neft qiymətlərinin kəskin qalxamaması üçün strateji ehtiyatlarını açaraq dünyaya neft satır. Keçən həftə ABŞ strateji və kommersiya ehtiyatlarından rekord həcmdə – 24 mln barrel (sutkada 3,4 mln barrel) neft və neft məhsulları satıb! Xatırladıram ki, bu yalnız ehtiyatdan satılandır”.
ELAZ.İNFO-ya danışan politoloq Asif Şəfəqqətov deyir ki, “Müqayisə üçün deyim ki, 2025-ci ildə BƏƏ-nin sutkalıq neft ixracı 2,8 mln barrel olub (bu haqda ətraflı sonra yazaram). Ehtiyatlarını bu sürətlə sərf edən ABŞ neft qiymətini $110 ətrafında çox saxlaya bilməz və deməli, ya Hörmüzün blokadasını dayandırmalı, ya da müharibəyə başlamalıdır”.
Politoloq bildirir ki, “İranın məncə, blokadaya daha çox dözmək potensialı var. Çünki ABŞ effektiv blokada tətbiq edə bilməyib (əməliyyata az gəmi cəlb olunub). İran tankerləri transponderləri söndürərək hərəkət edirlər, buna görə də bir çoxu blokadanı yara bilir. ABŞ tutduğu tankerlərin geri qaytardığına görə (indiyədək yalnız ikisini həbs edib) həmin tankerlərin yenidən blokadanı yarmağa cəhd etməsinə heç nə mane olmur. İran özünün və Pakistanın sahil suları ilə dəniz yük daşımalarını həyata keçirir. İrandan Pakistana bəlkə də onminlərlə adam motosiklet və avtomobillərlə yanacaq daşıyırlar. Çindən İrana çəkilmiş dəmir yolu vasitəsilə sutkada 1 mln barreldən artıq neft daşınır. Həm də dəniz yolu ilə 40 günə daşınan neft quru yolla 15 günə daşınır. Tehran bu yolla neft daşımasını sutkada 2 mln barrelə çatdırmağa çalışır. Ərzaq və sənaye mallarını İran Rusiyadan və Rusiya vasitəsilə Çindən Xəzər yolu ilə ala bilir. Nəticədə onun hərbi sənayesi dayanmadan işləyir. İran növbəti hərbi əməliyyatlarda 2026-cı il istehsalı olan raketlərdən istifadə edəcəyini bəyan edib”.
A.Şəfəqqətov vurğulayır ki, “Hələlik vəziyyət belədir – ABŞ “Epik qəzəb”i uduzdu, “İqtisadi qəzəb”i də uduzmağa məhkumdur. Sonra ABŞ, yəqin “Truth qəzəbi” əməliyyatına başlayacaq – onu isə udacağına əminəm”
İlahə BAYINDIR
