Prezident İlham Əliyevin tapşırığına əsasən, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov aprelin 24-də Şuşa şəhərində vətəndaşlarla görüşüb.
ELAZ.İNFO xəbər verir ki, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində baş tutan qəbul mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun təşkil edilib.
Görüş zamanı Səhmdar Cəmiyyətin fəaliyyət istiqamətlərinə dair müraciətlər dinlənilib, qaldırılan bir çox məsələ yerindəcə həllini tapıb. Araşdırma tələb edən digər müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti şöbələrin icraatına yönləndirilib.
“Azərişıq” ASC tərəfindən regionlarda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə keçirilən bu növ görüşlərin əsas məqsədi abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, mövcud problemlərin aradan qaldırılması və enerji itkilərinin minimuma endirilməsidir.
Sakinlər regionlarda elektrik şəbəkələrinin yenilənməsinə və onlara göstərilən diqqətə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Ruslan MƏMMƏDOV
