Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dövlət məmuru və vətəndaş arasında baş verən insident ağır nəticələrə səbəb olub. Rüşvət tələbi və təhqirə məruz qaldığını iddia edən rayon sakini etiraz əlaməti olaraq öz avtomobilini yandırıb.
ELAZ.İNFO xəbər verir ki, hadisə Şərur Rayon İcra Hakimiyyətinin binası qarşısında baş verib. Rayon sakini Faiq Abbasov icra başçısı Kamal Cəfərovun ondan rüşvət tələb etməsinə və onu ağır söyüşlərlə təhqir etməsinə etiraz olaraq “Kia” markalı avtomobilinə od vurub.
Rüşvət iddiası və təhqir
Zərərçəkmişin yaxınlarının verdiyi məlumata görə, münaqişəyə səbəb Faiq Abbasovun oğlunun rayonda yeni açılacaq DOST mərkəzinə namizədliyinin irəli sürülməsi olub. İddia edilir ki, icra başçısı bu təyinat müqabilində vətəndaşdan yüksək məbləğdə rüşvət tələb edib.
Səhər saatlarında iməciliyə gedən icra başçısının qarşısına çıxan F.Abbasov oğluna mane olmamasını xahiş etsə də, qarşı tərəfdən kəskin təhqirlər eşidib. Buna dözməyən vətəndaş başçının gözü qarşısında maşınını yandırıb, daha sonra isə özünü yandırmağa cəhd edib. Polisin müdaxiləsi nəticəsində vətəndaşın canına qəsd etməsinin qarşısı alınıb.
Vətəndaş həbs edilib
Hadisədən dərhal sonra Faiq Abbasov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Yaxınları bildirir ki, hazırda ona qarşı sərxoş olması və icra başçısını təhqir etməsi ilə bağlı “şər xarakterli” ittihamlar irəli sürülür:
“Faiq ziyalı, mədəni və içki içməyən adamdır. Səhər tezdən onun sərxoş olması iddiası sadəcə hadisəni ört-basdır etmək cəhdidir,” – deyə sakinin yaxınları bildirib.
Naxçıvan MR Daxili İşlər Nazirliyi hadisəni təsdiqləsə də, hələlik geniş rəsmi açıqlama verməkdən yayınıb. Hadisə yerindən qaçdığı iddia edilən icra başçısı Kamal Cəfərov tərəfindən də heç bir münasibət bildirilməyib.
Məsələ ictimaiyyətin diqqət mərkəzindədir.
Ruslan MƏMMƏDOV
