“Mən, Lalə, bir də Şerlok Holms” yeni mövsümü ilə ekranda

Azərbaycan televiziya məkanında uşaq və yeniyetmələr üçün maarifləndirici məzmunun artırılması istiqamətində növbəti addım atılıb. Nizami Kino Mərkəzində böyük maraqla gözlənilən “Mən, Lalə, bir də Şerlok Holms” serialının ikinci mövsümünün təqdimat mərasimi keçirilib.

ELAZ.İNFO xəbər verir ki, Elm və Təhsil Nazirliyinin dəstəyi, İctimai TV və “KAC Group Media”nın birgə əməyi ilə ərsəyə gələn bu ekran əsəri mütaliənin insan həyatındakı əvəzsiz rolunu təbliğ edir. İndi uşaq seriallarını sadəcə vaxt keçirmək üçün bir vasitə hesab edənlər bir məqama diqqət etsinlər ki, bu layihə dürüstlük, məsuliyyət və ətraf mühitə qayğı kimi dəyərləri detektiv və komediya janrının dili ilə uşaqlara aşılayan ciddi bir təhsil alətidir.

Tədbirdə Leyla Əliyeva, Alena Əliyeva, nazirlər Emin Əmrullayev və Adil Kərimli kimi rəsmi şəxslərin iştirakı layihənin dövlət səviyyəsində əhəmiyyətini bir daha nümayiş etdirib. Serialın yeni mövsümü haqqında bunları bilmək maraqlıdır: 11 yaşlı Muradın “Əlaçı” yarışması uğrunda mübarizəsi, dostluq və rəqabət fonunda inkişaf edən hadisələr. Şerlok Holms obrazı vasitəsilə mütaliəyə sevgi və məntiqi düşüncənin aşılanması. Layihənin ideya müəllifi Tural Sevdimalı filmin tammetrajlı versiyasının kinoteatrlarda nümayiş olunacağını anons edib.

Serial aprelin 19-dan etibarən hər biri 50 dəqiqə olmaqla 12 seriya şəklində İctimai TV-nin efirində tamaşaçıların görüşünə gələcək. Balaca qəhrəman Muradın xəyali dostu Şerlok Holmsla birlikdə çıxdığı bu intellektual macəra həm uşaqlar, həm də valideynlər üçün maraqlı mütaliə söhbətlərinə qapı açacaq.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın