ELAZ.İNFO xəbər verir ki, Avropa coğrafiyaşünasları dəniz səviyyəsinin qalxması ilə bağlı proqnozların real vəziyyəti ciddi şəkildə düzgün qiymətləndirmədiyini aşkar ediblər. Niderlandın Vaqeningen Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, əvvəlki hesablamalarda okean səviyyəsi orta hesabla 20-30 sm az göstərilib. Bu xəta isə gözləniləndən 68% daha çox insanın daşqın zonasında qalması deməkdir.
Tədqiqatçı Katarina Sigerin rəhbərlik etdiyi qrup bildirir ki, indiyə qədər olan proqnozların 99%-i real ölçmələrə deyil, peyk çəkilişləri əsasında hazırlanan riyazi modellərə söykənib. Lakin real həyatda suyun hündürlüyünə küləklər, cərəyanlar, duzluluq və temperatur fərqli təsir göstərir: Müəyyən edilib ki, təhlükəli zonaların sahəsi gözləniləndən 37% daha böyükdür. Bu prosesdən təxminən 132 milyon insan birbaşa təsirlənəcək. Mekong deltası və digər böyük çay vadilərində səviyyənin proqnozlaşdırılandan 1 metrdən çox yüksək olduğu üzə çıxıb.
Alimlər vurğulayırlar ki, temperaturun sürətli artımı Qrenlandiya, Arktika və Qərbi Antarktidanın ən həssas buzlaqlarının əriməsinə səbəb olur. BMT-nin cari proqnozlarına görə, istixana qazlarının tullantısı azalmazsa, okean səviyyəsi bu əsrin sonuna qədər 30-50 sm qalxacaq. Lakin yeni tədqiqat göstərir ki, real artım bu rəqəmləri xeyli üstələyə bilər.
Xüsusilə Cənub-Şərqi Asiya, Avstraliya və Sakit okean regionu dövlətləri bu yeni məlumatları nəzərə alaraq sahil mühafizə sistemlərini yenidən qurmalıdırlar. Əks halda, qlobal Güney ölkələri üçün nəticələr fəlakətli olacaq.
Ruslan MƏMMƏDOV