ELAZ.İNFO üçün maraqlı analiz: İsrail ABŞ-ın, ya ABŞ İsrailin diqtəsindədir?
İrana hücum ehtimalı ABŞ-ın uzunmüddətli və ciddi hazırlığı ilə artıq qaçılmaz bir prosesə çevrilmişdi. Şübhəsiz ki, bu hücum tamamilə İsrailin istəklərinə uyğundur və baş nazir Netanyahunun siyasi fəaliyyətinin “zirvə nöqtəsi” kimi dəyərləndirilməlidir. İndiki mərhələdə yəhudilərin məqsədləri regional olsa da, nəticə etibarı ilə qlobal xarakter daşıyır.
Proksilərin sıradan çıxarılması və İranın təcridi
Prosesin ilkin mərhələsində İranın Yaxın Şərqdəki bütün proksi qüvvələri (əsasən Həmas və Hizbullah) faktiki olaraq sıradan çıxarıldı. Tehranın Suriya, Yəmən və Qəzzadakı manipulyasiya imkanları məhdudlaşdırıldı. Beynəlxalq arenada isə onun əsas dəstəkçiləri olan Rusiya, Çin və Venesuela öz daxili iqtisadi-siyasi çətinlikləri fonunda təsirsiz hala gətirildi.
Əsas hədəf: Niyə məhz Çin?
İnkaredilməz faktdır ki, hazırda ABŞ-ın əsas hədəfi Rusiya və ya İran deyil, məhz Çindir. Çinin ucuz xammal və enerji hesabına əldə etdiyi hərbi-iqtisadi sıçrayış Vaşinqtonu hərəkətə keçməyə məcbur etdi. Bu baxımdan Venesuela, Rusiya və İran sadəcə bir vasitədir. Məqsəd Çini qidalandıran mənbələri nəzarətə götürmək və bu dövlətləri ABŞ-dan tam asılı vəziyyətə salmaqdır.
Marşrutlar uğrunda savaş: Malakka, Süveyş və Panama
ABŞ artıq dünyanın əsas arteriya tranzit marşrutlarını nəzarətə götürməkdə ciddi nəticələr əldə edib: Malakka–Süveyş–Avropa xətti; Panama və Cənubi Amerika tranzit xətləri; Cənubi Qafqazda TRIPP xətti.
Tayvan məsələsinin də əsasında Çinin Trans-Sakit okean xətti üzrə ən qısa keçid imkanlarını ələ keçirmək istəyi dayanır. Əgər Pekin “Bir kəmər, bir yol” layihəsini ABŞ-ın iradəsinə zidd olaraq reallaşdırarsa, həmin marşrut üzərindəki dövlətlərin münaqişələrə cəlb edilməsi və hakimiyyət dəyişiklikləri qaçılmaz olacaq.
Trampın “xaosu” əslində strateji mirasıdır?
Donald Trampın hərəkətlərində heç bir xaotik addım yoxdur. Əksinə, bu, Baydenin qoyduğu “mirasın” polittexnoloji nəticəsidir. ABŞ Qrenlandiyanı mənimsəmək və Avropanı öz orbitində saxlamaq niyyətindədir. Lakin bu qlobal planların taleyi çox dərəcədə Böyük Britaniyanın mövqeyindən asılıdır ki, burada da artıq ciddi strateji xətt ayrılığı görünməkdədir. Oyun hələ bitməyib…
Müəllif: Vüqar DADAŞOV
Redaktə: Ruslan MƏMMƏDOV