Tanınmış iş adamı və keçmiş senator Umar Cəbrayılov həyatına son qoyub

ELAZ.İNFO xəbər verir ki, Çeçenistanın keçmiş senatoru və milyarder Umar Cəbrayılov Moskvada intihar edib. Hadisə paytaxtın mərkəzində yerləşən “Vesper Tverskaya” yaşayış kompleksindəki mənzilində baş verib. İş adamı 9 mm-lik “Lüger” tapançası ilə özünə atəş açıb. O, ağır vəziyyətdə reanimasiyaya çatdırılsa da, həkimlərin 3 saatlıq səyinə baxmayaraq, beynin ödemi nəticəsində vəfat edib. Cəbrayılov intiharından bir gün əvvəl öz Telegram kanalında video paylaşıb. Videoda o, ABŞ və İran arasındakı gərginlikdən və Yaxın Şərqdəki münaqişələrdən narahatlığını ifadə edib. Vəkillərinin bildirdiyinə görə, son zamanlar iş adamı dərin depressiyada olub. Onun biznesində ciddi uğursuzluqlar yaşanıb, Vergi Xidməti isə bütün bank hesablarını bloklayıb.

Umar Cəbrayılov 1990-cı illərin Moskva biznes elitasının ən rəngarəng simalarından biri idi. O, həm də 2000-ci il Rusiya prezident seçkilərində namizəd olmuş, 2004-2009-cu illərdə Federasiya Şurasında Çeçenistanı təmsil etmişdi. İş adamı daha əvvəl də qalmaqallı hadisələrlə gündəmə gəlmişdi — 2017-ci ildə Kreml yaxınlığındakı oteldə havaya atəş açdığı üçün partiyadan xaric edilmişdi.

Qeyd edək ki, bu, Cəbrayılovun ilk intihar cəhdi olmayıb. 2020-ci ildə də o, oxşar vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights