Zelenskidən SBU-da genişmiqyaslı “təmizləmə” əmri: İlk saxlanılanlar var

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin milli təhlükəsizlik sistemində daxili təmizlənmə prosesinin başladığını elan edib. Dövlət başçısı Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) daxilində dövlət maraqlarına zidd fəaliyyət göstərən şəxslərin müəyyənləşdirilərək kənarlaşdırılması üçün xüsusi tapşırıq verib.

ELAZ.İNFO xəbər verir ki, bu barədə məlumat Prezidentin rəsmi sosial şəbəkə hesabında paylaşılıb. Zelenski SBU-dan aldığı mühüm məlumatlar əsasında Yevgeni Xmara və Aleksandr Poklada qurumun “təmizlənməsi” missiyasını həvalə etdiyini bildirib. Prosesin icrası birbaşa Yevgeni Xmara və Aleksandr Poklada tapşırılıb. Aparılan fəaliyyət nəticəsində artıq xidmət daxilində müvafiq saxlanılmalar həyata keçirilib. Prezident saxlanılan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq ədalətli məhkəmə hökmlərinin çıxarılmasının vacibliyini vurğulayıb. Prezident Zelenski bəyan edib ki, dövlət xidmətində olan hər bir şəxs istisnasız olaraq yalnız Ukrayna naminə çalışmalıdır. “Başqa variant olmayacaq” deyən dövlət başçısı müraciətini “Eşq olsun Ukraynaya!” şüarı ilə yekunlaşdırıb.

Xatırladaq ki, bu addım Ukrayna güc strukturlarında daxili sabitliyin qorunması, şəffaflığın artırılması və kəşfiyyat şəbəkələrinin təsirinin minimuma endirilməsi strategiyasının tərkib hissəsidir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights