ABŞ həm Rusiya, həm də Ukrayna ilə danışıqlarda tərəqqi əldə edir

Ukrayna böhranının nizamlanması istiqamətində Ağ Evin apardığı diplomatik səylər yeni mərhələyə qədəm qoyub. ABŞ vitse-prezidenti Ceyms Devid Vens rəsmi Vaşinqtonun həm Moskva, həm də Kiyevlə apardığı danışıqlarda müsbət dinamikanın müşahidə olunduğunu bəyan edib.

ELAZ.İNFO xəbər verir ki, vitse-prezident “Fox News” telekanalına verdiyi müsahibəsində sülh prosesinin gedişatına toxunub. O bildirib ki, hazırda hər iki tərəflə intensiv təmaslar davam etdirilir və əldə olunan irəliləyişlər nikbinlik üçün əsas verir.

Vens vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp münaqişənin uğurla başa çatdırılması və tərəflər arasında kompromis variantın tapılması məsələsində olduqca pozitiv köklənib. “Biz həm ruslarla, həm də ukraynalılarla tərəqqiyə nail oluruq. Sadəcə olaraq bu istiqamətdə işləri dayandırmadan davam etdirməliyik,” – deyə vitse-prezident qeyd edib.

Beynəlxalq müşahidəçilər Vensin bu açıqlamasını yaxın vaxtlarda baş tutacaq üçtərəfli görüş ərəfəsində mühüm siyasi mesaj kimi qiymətləndirirlər. Ağ Ev təmsilçisi həmçinin əlavə edib ki, ABŞ administrasiyası münaqişənin həlli ilə yanaşı, qlobal təhlükəsizlik məsələləri, o cümlədən strateji hücum silahlarının məhdudlaşdırılması üzrə yeni razılaşmaların əldə olunması üçün də zəmin hazırlayır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights